Məşhur restoranlar şəbəkəsi olan “KFC”nin Nizami keçəsində yerləşən (Tarqovı) filialından kəskin antisanitariya – kanalizasiya qoxusunun gəldiyi bildirilir.
Tribuna.az yazır ki, bu barədə sosial şəbəkələrdə sözügedən restorana gedən müştərilər yazıb. Məhz bu səbəbdən sanitar və gigiyenik normalara riayət edilmədiyi üçün müştərilər kütləvi olaraq “KFC”dən imtina etməyə başlayıblar. Müştərilərin bəziləri isə bildirib ki, təkcə filialdan deyil, bu şəbəkənin yeməklərindən də pis qoxu gəlir.
Oxucuların şikayətinə görə, sözügedən filialdan davamlı olaraq kəskin kanalizasiya qoxusu gəlir. İddialara əsasən, problem qısa müddətli deyil və uzun zamandır davam edir.
Paytaxtın ən çox ziyarət edilən və turistlərin sıx olduğu ərazilərindən birində fəaliyyət göstərən ictimai iaşə obyektində bu cür vəziyyətin hökm sürməsi həm sanitariya normalarına, həm də istehlakçı hüquqlarına ziddir.
Müştəri Emin Məmmədov bildirib ki, bu şəbəkənin yeməklərindən də eyni qoxu gəlir:
“KFC-nin toyuq budlarından da həmin iy gəlir”.
Orxan Xankişiyev də restoranın sözügedən filialından pis qoxu gəldiyini təsdiqləyib:
“Axırıncı dəfə ailəvi getmişdik ora. Sifariş götürüb çıxdıq ordam. Biabırçı iy var idi. Özlərinə də yazmışdım”.
Nicat Fikrətoğlu da “KFC”nin bərbad xidmətindən şikayət edib:
“Ümumiyyətlə, bu “KFC Azerbaijan”ın hər filialı müxtəlif xidmət verir. Ən bərbadı da Əhmədli filialıdır. Toyuqları ya çiy olur, ya da soyuq. Tarqovı filialından isə doğurdan bərbad iy gəlir. Həm də xidmətləri çox zəifdi”.
Yaranmış problem və müştəri şikayətlərini nəzərə alaraq “KFC” restoranlar şəbəkəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı. Restoranın səsləndirilən iddialarla bağlı mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul












