“Baku City Kartinq” baş verən qəza zamanı dünyasını dəyişən gəncin ölümünə səbəb qabırğasının sınıb ürəyinə girməsi olub.
Tribuna.az xəbər verir ki, bu barədə hadisə yerində olan Elçin Rəhimzadə bildirib. O qeyd edib ki, dünyasını dəyişən yeniyetmə tanınmış diş həkiminin oğludur:
“Şəkildə gördüyünüz 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.
K.Səfərli aldığı kəllə – beyin travmasından hadisə yerində dünyasını dəyişib.
“Baku City Kartinq”in meneceri Əli Güləliyev hadisəni gizlətməyə çalışıb. O, belə bir hadisənin baş vermədiyini deyib.
Amma mən şəxsən həmin vaxt oradan keçərkən çox sayda polis və Təcili Yardım Maşınlarını gördüm. Soruşdum, dedilər hadisə olub, ölən və yaralananlar var.
Daha sonra məlumat aldım ki, ölən tanınmış diş həkimi Anar Səfərovun oğludur və ölümünə səbəb qabırğasının sınıb ürəyinə girməsi olub. Allah rəhmət eləsin.
Aldığım digər məlumata görə “Baku City Kartinq”də müştərilərə sənəd imzaladırlar ki, nəsə baş versə kartinq məsuliyyət daşımır, amma maşınlara nəsə olsa müştəri məsuliyyət daşıyır”.
Hadisəni şərh edən peçəkar avtomobil sürücüsü, təlimçi Arzu Kürsüm Babazadə bildirib ki, ölkədəki heç bir kartinqdə təhlükəsizliyə riayət edilmir:
“Dünyanın bir çox ölkəsində kartinqlərdə olmuşam. Ancaq Azərbaycanda kartinq yarış zolaqları stamdartlara cavab vermir. Heç bir təhlükəsizlik təmin olunmur. Təhlükəsizlik kəməri sıfırdır. Ona görə də belədir”.
Qeyd edək ki, hadisə 1 yanvar tarixində baş verib.
Nigar İxtiyarqızı










