İranlı ekspert 907-ci düzəlişin ləğvindən niyə qorxur?

İranlı ekspert 907-ci düzəlişin ləğvindən niyə qorxur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu yay Bakı ilə Yerevan arasında sülh müqaviləsi layihəsinin imzalanmasından sonra ABŞ-ın Cənubi Qafqazda ciddi iştirakı İran üçün ciddi nəticələrə səbəb olur və bu günə qədər buna kifayət qədər diqqət yetirilməyib”.

Tribuna.az xəbər verir ki, bu sözlər mütəmadi olaraq Azərbaycan əleyhinə çıxış edən iranlı ekspert Ehsan Movahdianın “Mehr” Agentliyində dərc etdiyi məqaləsindəndir.

O qeyd edib ki, ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsi və 907 saylı qətnamənin tamamilə ləğvi xüsusilə də İran üçün təkcə regionda ikitərəfli inkişaf deyil, əksinə Cənubi Qafqazda və İranın şimal bölgələrində geosiyasi yenidənqurmanın əlamətidir.

O, ABŞ Konqresinin 907-ci düzəlişlə bağlı atacağı müsbət addımların İrana mənfi təsir edəcəyini də iddia edib. “907 saylı qətnamənin ləğvi ABŞ-ın təhlükəsizlik yardımını Bakıya yönəltmək üçün son hüquqi-siyasi maneənin aradan qaldırılması deməkdir və Azərbaycanın Qərbin daha ciddi tərəfdaşı kimi çəkisini artırır”.

Movahdian daha sonra bildirib ki, 907 saylı Qətnamənin ləğvi təlimlərin genişləndirilməsinə, müxtəlif hərbi və casusluq avadanlıqlarının göndərilməsinə və ABŞ-Azərbaycan kəşfiyyat əməkdaşlığına və üçtərəfli ABŞ-Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsinə səbəb olub. “907 saylı qətnamənin ləğvi ilə Azərbaycanın enerji sektoruna Qərb investisiyaları asanlaşdırılacaq, İrandan kənar dəhliz marşrutları (Cənub Qaz Dəhlizi, Qafqaz Tranziti) gücləndiriləcək. Bu inkişafın İran üçün mənası ölkəmizin potensial enerji və tranzit mərkəzi kimi potensial mövqeyinin zəifləməsi, İranın şimal-cənub dəhlizi marşrutlarının Qafqaz variantları ilə müqayisədə cəlbediciliyinin azalması və Avropada qurulan yeni enerji nizamından geri qalmasıdır”.

İranlı ekspert həmçinin hesab edir ki, bu, İrana qarşı yumşaq təzyiqi gücləndirəcək. “Bakının regional özünəinamını artıracaq və İrana qarşı artan kimlik və media istismarına yol açacaq. Bu şəraitdə İran artan yumşaq təzyiq və rəqibi tərəfindən periferik mühitdə daha ciddi narrativ yaradılış hiss edəcək. Həmçinin İran əleyhinə etnosentrik təbliğat təzyiqinin genişlənməsi nəzərə alınmaqla, İranın sərhəd bölgələrində ictimai rəyin idarə olunması daha da mürəkkəbləşəcək”.

Fikrət Fəraməzoğlu