Elman Rəfiyev: “Bu studiya tək bir xətt üzrə getməyəcək – janrlarımız çox olacaq”

Elman Rəfiyev: “Bu studiya tək bir xətt üzrə getməyəcək – janrlarımız çox olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində yeni yaradılmış “Eynək” İncəsənət Studiyası ilk tamaşasını teatrsevənlərə təqdim etdi. Gecədə S. Bekketin “Qodonun intizarında” əsəri əsasında Məmməd Rəfiyevin quruluş verdiyi “Oyun” tamaşası təqdim olunub.

Məlumat üçün bildirək ki, “Eynək” İncəsənət Studiyasının direktoru və studiyanın aktyoru Fərid İsmayılovdur. Studiya 6 yaradıcı gənc tərəfindən yaradılıb. “Eynək” yalnız teatr sahəsində deyil, həmçinin kino istiqamətində də fəaliyyət göstərir və müxtəlif yaradıcı layihələr həyata keçirir.

Tədbirdə çıxış edən “Eynək” İncəsənət Studiyasının tərkibində olan teatr studiyasının bədii rəhbəri Əməkdar artist Elman Rəfiyev Tribuna.az-ın suallarını cavablayıb.

— Bu, yeni studiyanın gələcək işlərində də əsas xətt pantomim tamaşalar. olacaqmı?

— Yeni yaranmış studiyanın əsas xətti pantomim olmayacaq. Burada biz müxtəlif janrlara müraciət edəcəyik. Dramatik, komediya, uşaqlar üçün tamaşalar, pantomim — yəni çoxşaxəli olacaq. Bizi bu gün narahat edən problemin həllini əgər biz dramatik formada tapacağıqsa, onu sözlü tamaşa ilə təqdim edəcəyik. Pantomim formasında tapacağıqsa, pantomim formada təqdim edəcəyik. Əlbəttə ki, uşaqları da yaddan çıxarmayacağıq. Ona görə də bu, eyni xətt üzrə inkişaf edən bir teatr studiyası olmayacaq. Sadəcə, bizim ilk tamaşamız pantomim tamaşası oldu. Çünki Zəncanda Pantomim Teatrına dəvət almışdıq. Əfsuslar olsun ki, biz festivala tamaşamız videogörüntülərini göndərdik Amma Bəzi nüanslar yarandı ki, biz gedib Zəncan şəhərinə çıxa bilmədik. Oradan xəbər gəldi ki, bizim göndərdiyimiz videonu münsiflər heyəti izləyib və festivala layiq görülüb.

— Azərbaycanda eksperimental teatrın inkişafı üçün hansı çətinliklər var?

— Əgər bir qrup yaradıcı şəxs işləmək istəyirsə, onun üçün heç bir çətinlik ola bilməz. Bu gün, bu cür gənclərin inkişaf etməsi üçün Teatr Xadimləri İttifaqı şərait yaradır. Gəlin, bu səhnədə özünüzü göstərin. Mən “çətinlik var” deyənlərlə razılaşmazdım. Çünki eksperimental tamaşalar etmək, və ya teatr yaratmaq istəyirsənsə, bu meydan, bu da sən. Bu gün müxtəlif janrlarda balaca-bala teatr studiyaları yaradılıb. “Əsa”, “Oda”, “O2” teatrları var. Bizim teatrın ilk tamaşasını qoyan Məmməd Rəfiyev “O2” teatrında da tamaşalarda oynayır. Hətta o, fikirləşir ki, oradakı tamaşalara da quruluş versin.

— Növbəti premyera haqqında bir az məlumat verə bilərsinizmi?

— Növbəti tamaşamız ayın 18-i olacaq. Yenə də Teatr Xadimləri İttifaqının Mustafa Mərdan adına səhnəsində oynanılacaq. Zalımız çox kiçikdir. Cəmi 40 yerimiz var. Ona görə də biletləri almağa tələsin. Biletlərimiz onlayn formada satılır. Bileti əldə etmək istəyənlər bizə müraciət edəndə, biz onlara qaydaları başa salacağıq. Bu qaydalara əsasən gəlib tamaşaya baxa bilərlər. Güman edirik ki, Yeni ildən sonra, heç olmasa ayda 3-4 dəfə yeni tamaşamızın nümayişi olsun. Çünki bu tamaşaya baxmaq üçün çox tamaşaçımız var. Əsasən, elə mənim tamaşaçılarım var. Pantomimsevərlər var ki, hansı ki, onlar mənə görə bu teatra üz tutacaqlarına inanıram. Çünki onlar mənim sənətimə böyük qiymət veriblər. Primyeramızda da elə tamaşaçılarımızdan bir neçəsini orada gördüm. Çox sağ olsunlar, bizi tək qoymadılar. Güman edirəm ki, növbəti tamaşalarımızda da məni sevənləri, pantomimsevənləri bizim zalımızda görəcəyəm.

— Teatrsevərlərə və gənc aktyorlara yeni layihəniz vasitəsilə hansı yeni teatr dilini və düşüncəsini təqdim etməyi hədəfləyirsiniz?

— Əslində, bu gün gənclər teatrdan çox uzaqdırlar. Baxaq ətrafa, gənclərin fikri-zikri ancaq sosial şəbəkələrdir. Amma teatrla maraqlanan və teatra gəlmək istəyən insanlar gəlib tamaşaya baxanda biz onlara mesajlar ötürürük. Yəni, bu gün cəmiyyət sizi zombiləşdirməsin. Hamı eyni formanı götürüb yaşamasınlar. Fərqli formalara müraciət etmək lazımdır. Biz də bundan sonra qoyacağımız tamaşalarda bunları nümayiş etdirəcəyik. Mənim çox maraqlı fikirlərim, ideyalarım var. Güman edirəm ki, bu ideyalarım bütün tamaşaçıların ürəyincə olacaq. Yavaş-yavaş bizim bu teatr studiyamız inkişafa doğru getsin. Mən istərdim ki, ekspantomimçilərin müştərək tamaşasını görüm. Pərviz Məmmədrzayev, Quban Məsimov, Elman Rəfiyevin iştirakında bir tamaşa Ola bilər. Eyni zamanda, rejissorlar dəvət edəcəyik. Elə adını çəkdiklərim özləri də bir tamaşa quracaq. Mən özüm rejissor deyiləm deyə, tamaşa qurmaq iddiam yoxdur. Bir dostumuz var, Isa Əsədov ona da müraciət edəcəyik. Eləcə də, kim özünü sınamaq istəyirsə, gənclər var, yerimiz var, (sağ olsun, Teatr Xadimləri İttifaqı bizə yer ayırıb) burada biz yeni tamaşaları ərsəyə gətirəcəyik. Hətta mən düşünürəm ki, Azər Axşamı da dəvət edib burada maraqlı bir tamaşalar ərsəyə gətirək. İdeyalarımız çoxdur. Hələ yeni başlamışıq. Yeni başlayan teatra dəstək olanlara təşəkkür edirəm. İstərdim ki, bizi tək qoymasınlar və hər zaman bizim yanımızda olsunlar.

Söhbətləşdi: Dəniz Pənahova