XV əsrin əvvəllərinə aid edilən və dünyanın ən sirli kitabı hesab olunan Voyniç əlyazması ilə bağlı yeni araşdırma maraqlı ehtimal irəli sürür. Alimlər indiyədək bu əlyazmanı kimin yazdığını, məzmununun nə olduğunu və ümumiyyətlə mənalı olub-olmadığını müəyyən edə bilməyiblər.
Tribuna.az xəbər verir ki, Archaeologymag nəşrinin yazdığına görə, elmi jurnalist Maykl Qreşkonun apardığı son araşdırma əlyazmanın orta əsrlərdə mövcud olan texnologiyalarla hazırlana bilən mürəkkəb bir şifrləmə sistemi ola biləcəyini göstərir. Əlyazma naməlum yazı sistemi, qəribə bitki təsvirləri, astroloji sxemlər, qalalar və insan fiqurları ilə zəngindir. Uzun illər aparılan tədqiqatlara baxmayaraq, onun dili və mənşəyi hələ də müəmmalı olaraq qalır. “Naybbe şifri” nədir? Araşdırmada “Naybbe şifri” adlanan yeni metod təklif olunur. Adını orta əsr İtaliya kart oyunundan alan bu üsul klassik deşifrə prosesindən fərqli işləyir.
Metod adi latın və ya italyan dilində olan mətni götürərək onu Voyniç əlyazmasındakı simvollara çox bənzəyən qliflər ardıcıllığına çevirir. Bu proses mətni qısa hərf qruplarına bölməklə və onları strukturlaşdırılmış cədvəllər vasitəsilə əvəz etməklə həyata keçirilir. Təsadüfi elementlər isə XV əsr Avropasında geniş yayılmış zər və oyun kartları kimi alətlərlə daxil edilir. Nəticələr nəyi göstərir?
Müxtəlif mətnlər üzərində sınaqdan keçirilən Naybbe şifri Voyniç əlyazmasının əsas xüsusiyyətlərinə uyğun nəticələr verib: simvolların təkrarlanma tezliyi, “sözlərin” orta uzunluğu, mətn daxilindəki mövqesel qanunauyğunluqlar. Metod həmçinin ilkin dil quruluşunun bəzi izlərini qoruyur, lakin heç bir simvol konkret olaraq müəyyən hərfə uyğun gəlmir.
Tədqiqat göstərir ki, Voyniç əlyazmasının şifr olması ehtimalı hələ də aktualdır, lakin bu şifr adi əvəzləmə sistemlərindən qat-qat mürəkkəbdir. Eyni zamanda, müəlliflər alternativ ehtimalları da istisna etmirlər: mətn naməlum bir dil, unikal bir sistem və ya hətta çox mürəkkəb saxtakarlıq da ola bilər.
İmran Kərimli









