Ukrayna Krımda Rusiyaya məxsus iki Su-27 təyyarəsini vurdu (FOTO)

Ukrayna Krımda Rusiyaya məxsus iki Su-27 təyyarəsini vurdu (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Krımda, Belbek aerodromunda Rusiyaya məxsus iki Su-27 hərbi təyyarəsi məhv edilib.
 Tribuna.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, SBU-nun “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin uzaqmənzilli pilotsuz uçuş aparatları Krımın müvəqqəti işğal olunmuş ərazisində yerləşən Belbek hərbi aerodromunda iki Su-27 təyyarəsini vurub. Təyyarələrdən biri tam döyüş sursatı ilə sükan yolunda olub və döyüş uçuşuna hazır vəziyyətdə imiş. Həmin təyyarə tamamilə məhv edilib.
Qeyd olunur ki, hər iki təyyarənin təxmini dəyəri 70 milyon dollar civarındadır.
Bundan əlavə, dispetçer qülləsinin vurulduğu da təsdiqlənib ki, bu da göstərilən aerodromda uçuşların təşkili və nəzarətini ciddi şəkildə çətinləşdirə bilər.

SBU xatırladıb ki, bu, son günlər ərzində Belbek aerodromuna qarşı ikinci uğurlu hücumdur. Dekabrın 18-də SBU-nun pilotsuz aparatları həmin aerodromda yüz milyonlarla dollar dəyərində Rusiya hərbi texnikasını sıradan çıxarıb: “Nebo-SVU” tipli iki radiolokasiya stansiyası, S-400 “Triumf” zenit-raket kompleksinə məxsus 92N6 RLS, “Pantsir-S2” HHM sistemi və tam döyüş sursatı ilə bir MiQ-31 təyyarəsi məhv edilib.
Xüsusi xidmət orqanında vurğulanır ki, müvəqqəti işğal olunmuş Krımda düşmənin əsas hərbi aerodromlarına endirilən zərbələr, eləcə də təyyarə və hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi regionda onun hərbi potensialını əhəmiyyətli dərəcədə azaldır. Bu istiqamətdə sistemli fəaliyyət gələcəkdə də davam etdiriləcək.