Yazıçı Tural İbrahimovun ikinci kitabı “İRS” nəşr olunub. Kitabın işıq üzü görməsi münasibətilə müəllif Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüb.
Tribuna.az xəbər verir ki, görüş zamanı yeni nəşr ətrafında geniş fikir mübadiləsi aparılıb, əsərdə toxunulan mövzular, müəllifin tarixi araşdırmaları və kitabın ideya xətti müzakirə olunub.
Tural İbrahimov bildirib ki, “İRS” kitabına ilk xeyir-duanı da məhz Xalq yazıçısı Anar Rzayev verib.
“İRS” kitabında Azərbaycanın tarixi, milli-mənəvi irsi, soy-kökə bağlılıq və ailə dəyərlərini əks etdirən hekayələr toplanıb. Müəllif eyni zamanda öz nəsil şəcərəsi, Pənahəli xanın varisi olması ilə bağlı tarixi faktlara və ailə yaddaşına söykənən yazılara da yer verib. Kitabda bununla yanaşı, oxucunu düşündürən və mənəvi dəyərləri təbliğ edən bir sıra ibrətamiz hekayələr də yer alır.
Nəşrdə Xalq yazıçısı Anarla bağlı ayrıca bir yazı da dərc olunub.
Görüş zamanı diqqət çəkən əsas məqamlardan biri isə kitabın üz qabığı olub. Üz qabığında kökləri dərinliklərə uzanan böyük bir ağac təsvir edilib. Ağacın kökündə isə 1958-ci ildə Şuşanın Cıdır düzündə çəkilmiş ailə fotosu yerləşdirilib.
Müəllifin sözlərinə görə, həmin foto onun ailəsinə məxsusdur və şəkildə atasının uşaqlıq illəri də əks olunub. Tural İbrahimov bildirib ki, üz qabığının bu formada hazırlanması təsadüfi deyil. Ağac nəsil köklərini, ailə fotoşəkli isə keçmişdən bu günə daşınan mənəvi irsi simvolizə edir və kitabın “İRS” adını tam şəkildə ifadə edir.
Qeyd edək ki, yaxın günlərdə “İRS” kitabının təqdimat mərasiminin keçirilməsi planlaşdırılır. Təqdimatda ədəbiyyat və mədəniyyət nümayəndələrinin, ziyalıların, media təmsilçilərinin və oxucuların iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, “İRS” Tural İbrahimovun sayca ikinci kitabıdır. Müəllif yeni nəşrində tarixi yaddaşı, ailə dəyərlərini və milli kimliyi bədii hekayələr vasitəsilə oxuculara təqdim edir.
Dəniz Pənahova
Tribuna.az









