Sumqayıt Dövlət Dram Teatrında “Sonuncu qonaq” tamaşasının premyerası olub

Sumqayıt Dövlət Dram Teatrında “Sonuncu qonaq” tamaşasının premyerası olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Dövlət Dram Teatrı 10 Mart – Milli Teatr Gününü yeni səhnə əsərinin premyerası ilə qeyd edib. Tanınmış tatar dramaturqu Taufiq Minullinin “Ərmağanlı Əlməndər” əsəri əsasında hazırlanan “Sonuncu qonaq” tamaşası tamaşaçılara təqdim olunub.

Tribuna.az xəbər verir ki, premyeranı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, yerli dövlət qurumlarının rəhbərləri, teatr xadimləri və mətbuat nümayəndələri izləyiblər.

Səhnə əsərinin quruluşçu rejissoru Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimovdur. Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşev, musiqi tərtibatçısı Gülcahan Yusifova, rejissor köməkçisi Ləman Məmmədli, rəqslərin quruluşçusu isə Kamil Ağazadədir.

Tamaşada Əməkdar artistlər Fəranə Musayeva və İlahə Səfərova, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Şəms Abdullayeva, Füzuli Qərənizadə, Elay Xasiyev və Aynur Hümmətova rol alırlar.

“Sonuncu qonaq” fəlsəfi çalarları, incə yumoru və dramatik qarşıdurmaları ilə seçilən səhnə əsəridir. Tamaşada əzrail tərəfindən unudularaq yer üzündə qalan, həyata möhkəm bağlanan 91 yaşlı qoca Əlməndərin hekayəsi təqdim olunur. Həyat eşqi sönməyən Əlməndər gözlənilməz qonaq – Əzraillə üz-üzə qalır və hadisələr bu qarşılaşma ətrafında inkişaf edir.

Tamaşanın sonunda Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək kollektivə Milli Teatr Günü münasibətilə təbriklərini çatdırıb. Bayram münasibətilə və şəhərin ictimai həyatında fəal iştiraklarına görə teatrın bir qrup əməkdaşına Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

İmran Kərimli