Smartfon asılılığı ömrü necə qısaldır? – Psixoloqdan açıqlama

Smartfon asılılığı ömrü necə qısaldır? – Psixoloqdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Smartfondan həddindən artıq istifadə beyin sağlamlığına mənfi təsir göstərərək hüceyrələrin qocalmasını sürətləndirə bilər.

Tribuna.az yazır ki, bu barədə psixoloq, geştalt-terapevt və sosioloq Nadejda Şeqren NEWS.ru-ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, telefonun özü birbaşa həyat üçün təhlükə yaratmasa da, uzunmüddətli perspektivdə orqanizmə mənfi təsir göstərən bir sıra prosesləri işə sala bilər. O qeyd edib ki, sosial şəbəkələrdə lentin və qısa videoların fasiləsiz izlənilməsi beyni daim stimullaşdırır və stress səviyyəsini artırır.

Psixoloqun fikrincə, xroniki stress yaddaşa cavabdeh olan hippokamp nahiyəsinin fəaliyyətinə mənfi təsir göstərərək beyin hüceyrələrinin daha sürətlə qocalmasına səbəb ola bilər.

Şeqren əlavə edib ki, smartfon ekranlarından yayılan mavi işıq melatonin hormonunun ifrazını poza, bioloji saatı (sirkadi ritmləri) dəyişdirə bilər. Nəticədə yaranan xroniki yuxusuzluq orqanizmdə iltihabi proseslərin artmasına və ürək-damar xəstəlikləri riskinin yüksəlməsinə gətirib çıxarır.

Ekspert həmçinin vurğulayıb ki, telefona həddindən artıq vaxt ayıran insanlar adətən daha az hərəkət edirlər. Bu isə artıq çəki, insulinə həssaslığın azalması, hipertoniya və şəkərli diabet riskinin artması ilə əlaqələndirilir.

Bundan başqa, psixoloq bildirib ki, messencerlər və sosial şəbəkələrdə aktiv ünsiyyət canlı insan təmasını tam əvəz etmir. Şəxsi ünsiyyətin azalması və tənhalıq hissi də sağlamlığa mənfi təsir göstərən amillərdən hesab olunur.

İmran Kərimli