Bu vərdiş heç bir xərc tələb etmir, amma beyin fəaliyyətini və ümumi sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Tribuna.az Realsimple-yə istinadən xəbər verir ki, cəmi 20 dəqiqəlik səhər gəzintisi orqanizmə kompleks şəkildə müsbət təsir göstərir.
Mütəxəssislər qeyd edir ki, oyanışdan sonrakı ilk saatlar fiziki və psixi sağlamlıq üçün xüsusi əhəmiyyət daşıyır. Buna görə də gündəlik rejimə qısa bir gəzinti əlavə etmək tövsiyə olunur
Əhvalı yaxşılaşdırır və stressi azaldır
Səhər günəş işığı “xoşbəxtlik hormonları” – serotonin, dopamin və endorfinlərin ifrazını stimullaşdırır. Bu isə stressi azaltmağa, əhvalı yüksəltməyə və enerji hissini artırmağa kömək edir. Bunu tibb elmləri doktoru, psixiatr Rehan Aziz bildirib.
Bundan əlavə, təbiət səsləri və təmiz hava sinir sistemini sakitləşdirir, narahatlıq halından çıxmağa və diqqəti indiki ana yönəltməyə kömək edir. Bunu ailə terapevti, somatik travma üzrə mütəxəssis Xloya Bin əlavə edib.
Yuxunu normallaşdırır
Səhər günəş işığı orqanizmin bioloji saatını tənzimləməyə kömək edir. İşıq yuxu hormonu olan melatoninin ifrazını azaldır və sirkadiyal ritmləri sinxronlaşdırır.
Nəticədə insan gün ərzində daha enerjili olur və axşam daha rahat yuxuya gedir. Bu isə beyin sağlamlığı üçün olduqca vacibdir.
Diqqəti artırır
Mütəxəssislər bildirir ki, səhər açıq havada olmaq daha tez “ayılmağa” və yorğunluq hissindən qurtulmağa kömək edir. Günəş işığı kortizol səviyyəsini artıraraq enerjini və diqqəti yüksəldir.
Bundan əlavə, dopamin ifrazı da artır ki, bu da motivasiyanı gücləndirir və koqnitiv funksiyaları yaxşılaşdırır.
İmran Kərimli









