“Davamlı və qalıcı stress insanı genetik səviyyədə qocalda bilər”.
Tribuna.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.
Həkim bildirib ki, qocalma prosesinə bir sıra amillər təsir edir. Onun sözlərinə görə, əsas səbəblər arasında DNT-nin zədələnməsi, xroniki iltihab, bağırsaq mikroflorasının zəifləməsi və uzunmüddətli stress yer alır.
“İnsan yaşadıqca genləri və DNT-si zədələnir. Bu zədələnmələr bərpa olunmadıqda orqanizm qocalmağa başlayır. Digər mühüm məsələ xroniki iltihabdır. İnsan bədənində xroniki iltihab varsa, bu, qocalmanı sürətləndirə bilər.
Bağırsaq mikroflorasının vəziyyəti də mühüm rol oynayır. Əgər bağırsaq mikroflorası zəifləyirsə, insan daha tez qocala bilər. Digər amil isə stressdir. Burada söhbət davamlı və qalıcı stressdən gedir. Ciddi tədqiqatlar göstərir ki, stress insanı genetik səviyyədə qocalda bilər”.









