Dünya şöhrətli azərbaycanlı rəssam Sakit Məmmədov Türkiyədə “Opalizm” sərgisi ilə ölkə mediasının gündəmindədir. “SOCAR Türkiyə”nin dəstəyi ilə baş tutan insəcənət tədbirində rəssamın 160 əsəri nümayiş edilir.
Rəssam türkiyəli jurnalist Olkan Özyurta müsahibə verib. S.Məmmədov balıqçı atasından xəbərsiz Bakı Rəssamlıq Universitetində qeydiyyatdan keçməsindən, Papa II İohann Pavel, Kraliça II Elizabet, Monika Belluççi ilə tanışlığından söz açıb.

– Məşhur rəssamsınız, amma incəsənətin içində doğulmamısınız. Macəranız necə başlayıb?
– Atam balıqçı, anam evdar qadın olsa da, evimizdə böyük kitab rəfi var idi. Atam oxumağı çox sevirdi, mən də sevdim. 12 yaşımda Balzakı, Hüqonu oxumuşam. Deyə bilərəm ki, kiçik yaşlarımda zehnim açıldı. Hamı öz üzərində işləməlidir. Rəsm və ədəbiyyata maraq duyurdum, lakin rəssamlıq mənim üçün daha vacib idi…
– Ailəniz sizə şərait yaratdı?
– Yox, ailəm şərait yaratmayıb. Azərbaycanın mənim yaşadığım bölgəsində rəssamlıq insanlara heç nə ifadə etmirdi. Atama qalsa, ya balıqçı, ya da ədəbiyyat müəllimi olardım. Onu bilirəm ki, rəssam olmasaydım, bədbəxt olardım. Buna görə də, atamı aldadıb rəsm məktəbində qeydiyyatdan keçdim.
– Necə baş verdi?
– Müəllimimlə Bakıda rəsm muzeylərini gəzmək üçün evdən icazə aldım. Lakin Bakıda rəsm məktəbi üçün imtahanlara girmək istəyirdim. İştirak etdim və qəbul oldum. Bu, mənim üçün ağ yalan idi. Atama rəssamlıq üzrə təhsil almaq istədiyimi desəydim, uğursuz olacağımı fikirləşib icazə verməyəcəkdi. Sonra ona vəziyyəti dedim, uğur qazandığımı biləndə, çox sevindi.
– Deyəsən, əzmli insansınız.
– Belə demək mümkündür. Amma mənim əzmkarlığım mənfi deyildi. Məsələn, kimsə Məhəmməd Füzuli haqqında danışanda, onu dinləmək əvəzinə Füzulini özüm oxuyub, özüm danışmağa üstünlük verirdim. Gecə-gündüz Füzuli oxuyurdum. Çalışqanlığın gücünə inanıram. Əvvəlcə potensialımı kəşf etdim, sonra isə çalışdım…
– Peterburq İncəsənət Akademiyasında Lenin təqaüdü ilə təhsil almısınız.
– Ailəm Bakıda qalmağımı istəyirdi, amma əsgərliyə getməli idim. Bakıda əsgərlik yerinə Sankt-Peterburqda rəssam kimi əsgərlik dövrü yaşadım. Həmin dövrdə rəsmlərimi nümayiş etdirdim. Sərgiyə gələn generallarla tanış oldum, onlarla dostlaşdım. O vaxtlar əsgərin generalla tanış olması qeyri-mümkün idi, mən isə portretlərini çəkirdim. Əsgərlikdən sonra Lenin təqaüdü ilə akademiyada oxudum. Təqaüd yalnız bir nəfərə verilirdi, mənə qismət olmuşdu. Akademiyanı bitirəndən sonra orada müəllim kimi çalışmağımı istədilər, amma qəbul etmədim. Məqsədim rəsm çəkmək və insanlara göstərə bilmək idi. Belə də oldu…
– Qərb dünyasında özünə yer etmək çox çətindir, bunu necə bacardınız?
– Alın yazısına inanıram, amma mən alın yazımı alın tərimlə təmizləyib, onu yenidən yazan insanlardanam. İnsanların önyarğıları var, amma mənfi düşüncələri aradan qaldırmaq bizim əlimizdədir. 1990-cı illərin əvvəllərində Qərbdə, Vyanada sərgi açmaq istəyirdim. Qalereyanın sahibi türk əsilli olduğumun bilinməsini istəmirdi. Tarixdəki “Vyana mühasirə”sinə görə türklər sevilmirdi. Onun bu fikirlərinə güldüm və “Əsrlər keçib, bir türk olaraq rəsmlərimlə qalereyanızı işğal etdim”, – deyə bildirdim, o da güldü. Həmin sərgi digər Avropa ölkələrində sərgilər açmağım üçün cığır yaratdı. Özünüzü inkar etmədən mövcud olmağa çalışsanız, hörmət edilən birinə çevriləcəksiniz.
– Papa II İohann Pavelin portretini çəkməyiniz əhəmiyyətli hadisədir. Necə baş verdi?

– Atatürk, Dədə Əfəndi, Tövfiq Fikrətin rəmslərini çəkmək istərdim, amma mümkün deyil. Fotolara baxaraq rəsm çəkməyi sevmirəm, insanın ruhunu, özünü görüb çəkməyə üstünlük verirəm. Həmin şəxslər həyatda olmadığı üçün istəyim reallaşmayacaq. Müğənni Ajda Pekkanın portretini çəkmişəm.
– Portretini çəkdiyiniz digər məşhurlar kimlərdir?
– Aktrisa Monika Belluççi Bakıya gəlmişdi. Atelyem onun qaldığı hotelin yaxınlığında yerləşirdi. Atelyemə ziyarətə gəldi, onun portretini çəkdim. Bir neçə əsərimi də almışdı.

– Vladimir Putinin kolleksiyasında 5 rəsmim var. Bill Klintonda da əsərlərim var.
– Sizcə, rəsmlərinizi niyə sevirlər?
– Dünyada hər kəsin dərdləri, problemləri var. Mən problemlərdən bəhs etmirəm. Daha ümidverici rəsmlər çəkirəm. Fikirləşirəm ki, bu, insanların xoşuna gəlir.
Qaynarinfo









