Tribuna.az xəbər verir ki, İngiltərənin Birmingem şəhərində yaşayan 19 yaşlı Naiya Khan 3 il ərzində 57 kiloqram arıqlayıb.
Lakin onun bu uğuru hər kəs tərəfindən eyni qarşılanmayıb.İngiltərənin Birmingem şəhər sakini olan Naiya Khan uzun illər artıq çəki problemi ilə mübarizə aparıb. Uşaqlıqdan artıq çəkidən əziyyət çəkən gənc qız məktəbdə tez-tez lağ obyektinə çevrildiyini deyir. Bu isə onun psixoloji vəziyyətinə təsir edərək daha çox yeməsinə və çəkisinin artmasına səbəb olub.
Onun çəkisi bir vaxtlar 149 kiloqrama qədər yüksəlib.
2023-cü ildə həyatını dəyişmək qərarına gələn Naiya qidalanma rejimini tamamilə yeniləyib. O, porsiyaları kiçildib, tez-tez qəlyanaltı yeməkdən imtina edib və daha sağlam məhsullara üstünlük verib. Bununla yanaşı, mütəmadi olaraq güc və kardio məşqlərinə başlayıb.
Qısa müddətdə böyük nəticə əldə edən gənc qız 3 il ərzində 57 kiloqram arıqlayaraq çəkisini 86 kiloqrama endirib.
Lakin o, sosial şəbəkələrdə uğurunu paylaşdıqdan sonra gözlənilməz reaksiyalarla qarşılaşıb. Bir çox istifadəçi onun bu nəticəni təbii yollarla əldə etdiyinə inanmayıb.
Naiya Khan bildirir ki, ona tez-tez arıqlama iynələrindən istifadə etdiyi ilə bağlı ittihamlar irəli sürülür:
“Mənə yazırlar ki, guya yalan danışıram və iynələrdən istifadə edirəm. Halbuki açıq şəkildə demişəm ki, belə bir şey yoxdur.”
Onun sözlərinə görə, bütün prosesi detallı şəkildə izah etməsinə və fotolar paylaşmasına baxmayaraq, bu ittihamların qarşısını almaq mümkün olmayıb.
Hazırda Naiya Khan çəki atmaqdan çox, əzələ kütləsi artırmaq üzərində çalışır. O, sürətli arıqlama üsullarına qarşı olduğunu da vurğulayıb:
“İndi tez arıqlamaq üçün müxtəlif üsullar var. Amma düzgün şəkildə etmək daha yaxşıdır. Mən hər şeyi tədricən etdim.”
Qeyd edək ki, bu hekayə ilk olaraq Need To Know tərəfindən yayımlanıb.
İmran Kərimli









