50 yaşdan sonra fiziki formanı qorumaq üçün mütləq idman zalına getmək lazım deyil. Mütəxəssislərin diqqət çəkdiyi qeyri-adi hərəkətlərdən biri də “qorilla yerişi”dir.
Tribuna.az xəbər verir ki, Meglepetes nəşrinin yazdığına görə, bu hərəkət eyni anda bədənin müxtəlif əzələ qruplarını çalışdırır, koordinasiya və tarazlığı yaxşılaşdırmağa kömək edir.
“Qorilla yerişi” primatların hərəkətinə bənzəyir. İnsan dərin çömbəlmə vəziyyətinə düşür və əllərindən dəstək alaraq irəli doğru hərəkət edir. Bu zaman qol və çiyinlər, gövdə, qarın, sağrı və ayaq əzələləri aktiv işləyir.
Yaş artdıqca əzələ kütləsinin azalması, həmçinin tarazlıq və koordinasiyanın zəifləməsi mümkündür. Bu isə yıxılma riskini artıra və pilləkənlə qalxmaq kimi gündəlik hərəkətləri çətinləşdirə bilər. “Qorilla yerişi” isə güc və sabitliyi eyni vaxtda məşq etdirməyə imkan verir.
Hərəkətin əsas faydaları:
qarın və gövdə əzələlərini gücləndirməyə;
sağrı və ayaq əzələlərini işlətməyə;
çiyin və bud-çanaq oynaqlarının hərəkətliliyini artırmağa;
koordinasiyanı inkişaf etdirməyə;
bədənin fəzadakı vəziyyətini hiss etmə qabiliyyətini yaxşılaşdırmağa kömək edə bilər.
“Qorilla yerişi” necə edilir?
Ayaqları çiyin enində açaraq dayanın və dabanları yerdən qaldırmadan dərin çömbəlmə vəziyyətinə keçin. Əllərinizi önünüzdə yerə qoyun. Daha sonra əvvəlcə əllərinizi, ardınca ayaqlarınızı hərəkət etdirərək irəli doğru addımlayın.
İlk mərhələdə cəmi bir neçə addım kifayətdir. Bədən hərəkətə alışdıqca məsafəni tədricən artırmaq olar. Daha təcrübəli şəxslər geriyə doğru hərəkət etməyə də cəhd edə bilər. Lakin bu variant tarazlıq sisteminə daha çox yük salır.
Hərəkətdən əvvəl çiyin, bud-çanaq, diz və topuq nahiyələrini yaxşı qızdırmaq tövsiyə olunur. Hərəkət zamanı beli həddindən artıq əyməmək, qarın əzələlərini gərgin saxlamaq və sakit nəfəs almaq vacibdir.
Qeyd: Diz, bud-çanaq, bilək və ya çiyin problemləri olan şəxslər bu hərəkəti etməzdən əvvəl fizioterapevtlə məsləhətləşməlidirlər.
İmran Kərimli









