Çox təəssüflər olsun ki, bu gün ali təhsil müəssisələrimizdə professor-müəllim heyəti arzuolunan səviyyədə deyil. Xüsusilə də yaşlı nəslin böyük əksəriyyəti müasir ali təhsil sistemindən xəbərsizdir. Buna görə də sovet təhsil sisteminin təsirindən hələ də çıxa bilməmişik.

Tribuna.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Ramin Nurəliyev bildirib.
O qeyd edib ki, bu gün əksər universitetlərdə Bolonya sisteminə uyğun tədris aparılmır.
“Əslində, bir çox universitetlərimizdə tətbiq olunan təhsil modeli – Bolonya sistemi müasir təhsil modelidir. Amma təəssüflər olsun ki, bir neçə universitetimizi çıxmaq şərtilə, digər ali təhsil müəssisələrində bu modelə uyğun tədris aparılmır.
Əsas problemin professor-müəllim heyəti ilə bağlı olduğunu düşünürəm. Hər magistr təhsilini başa vuran şəxs universitetdə dərs deməməlidir.
Universitet müəllimi davamlı olaraq elmi araşdırmalar aparmalı, beynəlxalq elmi məqalələr dərc etdirməli, müasir təhsil modelinə uyğun tədris prosesini həyata keçirməlidir.
Tələbələrə praktiki biliklər aşılanmalı, ixtisasa uyğun laboratoriya təcrübələri təşkil olunmalıdır.
Acı həqiqətdir ki, bu gün ali təhsil müəssisələrimizdə beynəlxalq ali təhsil sistemini bilən və ona uyğun tədris aparan
müəllimlərin sayı azdır.
Buna görə də universitetlərimiz peşəkar kadr hazırlığında istənilən nəticəni göstərə bilmir.
Elə buna görə də xarici tələbələrin diqqətini kifayət qədər cəlb edə bilmirik. İş dünyası da yerli universitet məzunlarından daha çox xarici universitetləri bitirənlərə üstünlük verir”, – deyə ekspert bildirib.
Ekspertin sözlərinə görə, universitetlərə ciddi şəkildə gənc professor-alim heyəti cəlb olunmalıdır.
“Bu gün dövlət tərəfindən təhsilə yüksək səviyyədə diqqət və qayğı göstərilir, bu sahəyə ciddi maliyyə vəsaiti ayrılır. Təəssüf ki, bəzi universitet rəhbərləri məsələyə səhlənkar yanaşırlar.
Universitetin idarə olunmasına görə əsas məsuliyyət rəhbərliyin üzərinə düşür. Bu gün Bakı Ali Neft Məktəbi, ADA Universiteti, UNEC, Qarabağ Universiteti, ADNSU və xüsusi təyinatlı akademiyalarımız digər ali təhsil müəssisələri ilə müqayisədə fərqlənirsə, digər universitetlərin rəhbərləri də bunun səbəbləri üzərində düşünməlidirlər.
Hər magistr diplomu olana deyil, kifayət qədər potensialı olan, beynəlxalq təhsil sistemini bilən və müasir tədris metodlarını tətbiq edən şəxslərə universitetdə dərs demək hüququ verilməlidir.
Bir sözlə, universitetlərimizə gənc professor-alim heyəti cəlb edilməli, praktiki biliklərin tədrisinə daha çox üstünlük verilməli və beynəlxalq ali təhsil sisteminə uyğun tədris təşkil olunmalıdır.”
Nigar İxtiyarqızı









