Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 7-də Lerik rayonunda növbəti vətəndaş qəbulu və Lənkəranda polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.
Tribuna.az xəbər verir ki, Lerik RPŞ-nin inzibati binasında baş tutacaq qəbulda Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı 06.07.2026-cı il tarixinədək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı iyulun 7-də saat 11:00-da Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.










