Azərbaycanda vergi borclarının həcmi ilin əvvəlindən kəskin artıb.
Tribuna.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşım edib.
İqtisadçının sözlərinə görə, iyulun 1-nə olan rəsmi məlumata əsasən, Azərbaycanda vergi borclarının ümumi həcmi 4 milyard 50,4 milyon manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 741,6 milyon manat və ya 22,4 faiz çoxdur.
Natiq Cəfərli vergi borclarının artmasının səbəbləri ilə bağlı sual qoyaraq, borclular arasında dövlət və özəl şirkətlərin olduğunu bildirib:
“Yaxşı, niyə artıb, kimdir borclular?!”.
İqtisadçı qeyd edib ki, dövlət şirkətləri arasında da vergi borcu olanlar çoxdur. Onun sözlərinə görə, bu istiqamətdə ayrıca təsnifat aparılmasa da, “Azərenerji”, keçmiş “Azərsu” kimi şirkətlərin böyük vergi borcları həmişə olub və hazırda da var.
Cəfərlinin fikrincə, daha narahatedici məqam özəl şirkətlərin vergi borclarının da artmasıdır. O hesab edir ki, bu, həmin şirkətlərin dövriyyə və gəlirlərinin azalması ilə bağlı ola bilər.
“Dövriyyə-gəlir azalıbsa, deməli, yeni yatırımlar etmirlər. İnvestisiya yoxdursa və ya azdırsa, deməli, yeni iş yerləri yaranmır, iqtisadi aktivlik yavaşlayır”, – deyə iqtisadçı vurğulayıb.
Cəfərli vergi borclarının artmasını daha geniş iqtisadi proseslərlə əlaqələndirib. O bildirib ki, bütün bunların kökündə iqtisadi artımın zəifləməsi və daha az əlavə dəyərin yaradılması dayanır.
İqtisadçı bu vəziyyətin səbəbləri sırasında vergi, rüsum və cərimə siyasətinin yanlış olmasını, eləcə də iqtisadi aktivliyi təşviq edən stimulların zəifliyini göstərib.
Cəfərli paylaşımının sonunda Azərbaycan və Ermənistanın iqtisadi vəziyyətləri ilə bağlı müqayisə də aparıb:
“Əvvəl Ermənistan öz tarixlərini marazm səviyyəsində müzakirə edirdilər – biz isə iqtisadi aktivliyin pikini yaşayırdıq. İndi biz onların səhvini təkrarlayıb tarixi diskursa girişmişik – onlar isə iqtisadi bum yaşayırlar…”.
Gülşən Rəsul










