Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp İranda baş verən hadisələrlə bağlı son açıqlamasında bu ölkədə yeni lider axtarmağın vaxtının çatdığını bildirib. Tribuna.az xəbər verir ki, o, “Politico” nəşrinə müsahibəsində bunun üçün addımlar atılmasının zəruri olduğunu qeyd edib.
Tramp deyib: “İranda yeni lider axtarmağın vaxtı çatıb. Bu adam xəstədir və ölkəsini düzgün idarə etməli, insanları öldürməyi dayandırmalıdır. Onun ölkəsi zəif liderliyinə görə dünyada yaşamaq üçün ən pis yerdir”.
Trampın bu açıqlaması nəyə işarə edir?
Tribuna.az-a açıqlama verən siyasi şərhçi Fikrət Fəraməzoğlu bildirib ki, bu, İranda yeni dönəmin başlanması kimi xarakterizə oluna bilər. “Burada iki məsələyə diqqət yetirmək lazımdır. Birincisi, artıq ABŞ Rza Pəhləvini İranın yeni rəhbəri kimi görmür. Bundan əvvəl də Tramp açıqlamasında buna işarə vurmuşdu. İkincisi isə ABŞ İranın daxilində yeni liderin meydana çıxması üçün addım atacaq. Bu, Qərb praktikasında geniş yayılmış hallardan biridir. Onlar həmişə hadisələr fonunda özlərinə yaxın birini meydana çıxarıb, bütün qüvvələri onun ətrafında konsalidasiya edirlər”.
Ekspert bildirib ki, İranda indiki dönəmdə hər hansı liderin meydana çıxması bir qədər çətindir. Onun sözlərinə görə, indiyə qədər belə cəhdlər olsa da, mövcud rejim onları ya məhv edib, ya da zindana atıb. “Böyük ehtimalla yeni lider Qərb dövlətlərindən birində məskunlaşmış iranlı olacaq. Həmin şəxsin kimliyi barədə qəti fikir bildirmək mümkün deyil. Çünki İranda islam inqilabından sonra ölkəni tərk edənlərin sayı 10 milyona yaxındır. Bu adamların içindən kimin və ya kimlərin seçiləcəyini dəqiq demək mümkün deyil”.
Fəraməzoğlu onu da deyib ki, İran mürəkkəb ölkədir. Orada insanlara yeni bir lider təqdim etməyin özü də kifayət qədər çətindir. “İranda insanların kimi lider kimi görəcəyi məsələsi də qəliz məsələdir. Çünki cəmiyyət bu məsələdə çox xırdaçıdır. Yeni liderin təkcə təqdimatı ilə iş bitməyəcək. Onu həm də cəmiyyətə həzm etdirmək lazım gələcək. Bu isə əlavə vaxt deməkdir”.
Fərda Uğur










