Tövlə və s. tikmək barədə yeni qaydalar tərtib olunub. Bu qaydalarla bağlı vətəndaşlarda çaşqınlıq yaranıb. Onlar cərimələnəcəklər barədə narahatdırlar.
Vətəndaş hansı icazəni almalıdır və bu proses sadələşdirilib, yoxsa daha da çətinləşib? Sözügedən qanunda cərimə tətbiq ediləcəkmi?
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, burada sadəcə məlumatlandırma məsələsidir. Orada standart tələblər var. Əgər çatışmazlıq varsa, mövcud qurum tərəfindən bir dəfə olmaqla bildirilir. O da aradan qaldırıldıqdan sonra həmin tikili tikilə bilir. Hər hansı bir cərimələnmədən söhbət getmir.
E. Əmirovun sözlərinə görə, süni maneə yaratmaq istəyən qurumların maneələrini aradan qaldırmaq üçün bu, həm də bir mexanizmdir. Çünki, onsuz da tikinti işlərinin aparılması ilə bağlı son dövrlər bu və ya digər halda haqsız və haqlı yöndə maneələr də olur. Bəzən birinin divarı uçduğu zaman divarın tikintisinə belə, regionlarda şahidi olmuşuq ki, müdaxilə edirlər və problem yaranır. Ona görə də belə qaydalar əslində insanların həm torpaqlardan səmərəli istifadə etməsinə xidmət etmiş olar, həm də müəyyən qədər bu istiqamətdə nizamın formalaşmasına gətirib çıxaracaqdır. Yəni bu, icazə qaydası deyil. Sözügedən sənədi oxuduqda da görürük ki, bu sənəd kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydalarıdır.
Dəniz Pənahova










