Avtomobillərə sonradan quraşdırılan monitorlar və telefon tutacaqlarının istifadəsinin qadağan ediləcəyi müzakirə olunur. Bir çox ölkədə, o cümlədən Türkiyədə təsdiqlənən yeni qanun layihəsinə əsasən, avtomobillərə monitorların quraşdırılması qadağandır.
Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu layihə artıq Rusiyada da təsdiqlənib.
O bildirib ki, Azərbaycanda da belə qanun layihəsi ortaya qoyulacaqsa, əsaslandırılmalıdır:
“Rusiya qanunvericiliyində belə bir maddə müzakirə olunurdu ki, avtomobilin alın şüşəsinə telefon tutacağı, video qeydiyyatçı və digər hər hansı əlavə cihaz yapışdırılsa, bu, cərimə ilə nəticələnəcək.
Səbəb kimi də göstərilirdi ki, bu qurğular sürücünün görünüş dairəsini məhdudlaşdırır.
Amma burada əsas səbəb məhdudlaşdırma deyil.
Bu cihazı avtomobilin elə bir hissəsinə yapışdırmaq olar ki, hər hansı problem yaratmasın.
Xüsusilə taksi sürücüləri, bu cihazları ön alın şüşəsinə quraşdırırlar və gözləri orada qalır ki, müştəri sifariş versin. Kim sifarişi tez qəbul etsə, müştəri onun olur. Bu səbəbdən, diqqətin yayılması halı baş verir. Belə qərarların qəbulu bu hallara qarşı qəbul edilir”.
E. Muradlı bildirib ki, Ruaiya və Türkiyədə belə layihənin qəbulu əsas vermir ki, Azərbaycanda d abu adsım atılsın:
“Monitor diqqəti yayındıra bilər. Amma müasir avtomobillərin əksəriyyətində monitor var.
Hər halda, hüquqşünaslar belə bir qərar qəbul edəcəksə, belə bir layihə ortaya qoyacaqsa, bunu əsaslandırmalıdır”.
Nigar İxtiyarqızı










