Bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyəti-nin başçısı Eldar Əzizov Suraxanı rayonunda mövcud problemlərlə bağlı rayon icra başçısı Adil Əliyev-ə töhmət vermişdi. Səbəb kimi ərazidə qanunsuz tikililərə nəzarətin zəif olması, vətəndaş müraciətlərinin vaxtında həll edilməməsi və digər idarəetmə çatışmazlıqları göstərilirdi.
Lakin görünən odur ki, inzibati tədbir problemin köklü həllinə gətirib çıxarmayıb.
Tribuna.az-ın redaksiyasına göndərilən foto materiallar Suraxanı rayonunda qanunsuz tikinti işlərinin davam etdiyini göstərir.
Bildirilib ki, tikinti işləri meşə zolaqlarında aparılır, ağaclar kəsilir, ərazilər qanunsuz şəkildə hasarlanır. Ərazidə nəzarətin zəifliyi isə açıq şəkildə hiss olunur.
Digər diqqətçəkən məqam isə tikinti işlərinin müvafiq icazələr olmadan aparılması ilə bağlıdır. Məlumata görə, nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, nə də Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarından rəsmi icazə alınıb. Bu halda sual yaranır: Suraxanı ərazisində bu tikintilərə hansı vəzifəli şəxs və hansı əsasla razılıq verib?
Məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi sorğu ünvanlanıb. Tribuna.az qarşı tərəfin mövqeyini də dərc etməyə hazırdır.
Dəniz Pənahova















