Sumqayıt Dövlət Dram Teatrında 58-ci teatr mövsümünün başlanması ilə bağlı kollektivin ümumi iclası keçirilib.
Sentyabrın 4-də keçirilən toplantıda ötən mövsümün yekunları nəzərdən keçirilib, yeni mövsümdə qarşıda duran əsas vəzifələr, yaradıcılıq planları və həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə olunub.
İclası giriş sözü ilə teatrın direktoru Samir Şəfiyev açıb. O, kollektiv üzvlərini yeni teatr mövsümünün başlanması münasibətilə təbrik edərək ötən mövsümün uğurlu və məhsuldar keçdiyini bildirib. Qeyd olunub ki, mövsüm ərzində tamaşa planı uğurla icra edilib, yeni səhnə əsərləri hazırlanaraq tamaşaçılara təqdim olunub.
Direktor yeni mövsümdə də repertuarın zənginləşdirilməsi, yüksək bədii keyfiyyətə malik tamaşaların hazırlanması, tamaşaçı auditoriyasının genişləndirilməsi və yeni yaradıcılıq layihələrinin həyata keçirilməsinin əsas prioritetlərdən olacağını vurğulayıb.
Daha sonra teatrın yaradıcılıq şöbəsinin müdiri, Xalq artisti Firudin Məhərrəmov çıxış edib. O, yeni mövsümdə yaradıcılıq prosesinin daha da təkmilləşdirilməsi, yeni səhnə axtarışlarının aparılması və yaradıcı heyətin potensialından səmərəli istifadə olunmasının vacibliyini qeyd edib.
Bildirilib ki, yeni mövsümdə klassik və müasir dramaturgiya nümunələrinin repertuara daxil edilməsi, müxtəlif janrlarda tamaşaların hazırlanması, xüsusilə gənclərin teatr sənətinə marağının artırılması istiqamətində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Toplantıda həmçinin teatrın müxtəlif mədəni layihələrdə iştirakının artırılması, digər yaradıcı qurumlarla əməkdaşlığın genişləndirilməsi və tamaşaçılarla əlaqələrin daha da gücləndirilməsi məsələləri müzakirə edilib.
Sumqayıt Dövlət Dram Teatrı 58-ci mövsümdə də yeni səhnə əsərləri və yaradıcılıq layihələri ilə tamaşaçıların qarşısına çıxmağı, şəhərin mədəni həyatında fəal iştirakını davam etdirməyi qarşıya məqsəd qoyur.
Qeyd edək ki, Sumqayıt teatrı yeni mövsümü sentyabrın 25-də 17:00-da E.Sərxanoğlunun “Ölməz” tamaşası ilə açacaq
















