Elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərin öz əhəmiyyətini itirməsi və süni intellekt sistemlərinin dərsliklərdən daha faydalı olması ilə bağlı səsləndirdiyi fikirlər narazılıq yaradıb.
Tribuna.az xəbər verir ki, nazir çıxışı zamanı bildirib:
“Mənim inandığım budur ki, təxminən 3 ildən sonra dərsliklər tamamilə əhəmiyyətini itirəcək. Süni intellekt sistemləri artıq bir çox hallarda ənənəvi dərsliklərdən və test bazalarından daha yaxşı suallar və izahlar təqdim edə bilir”.
Nazirin bu fikirləri sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub. Narazı vətəndaşların bəzi rəylərini təqdim edirik:
Tərlan Dadaşov:
“Dünyada heç bir şey kitabı və insanın vərəqə yazı yazmasını əvəz edə bilməz. Bu xüsusiyyət insana danışmaq, görmək, eşitmək, nəfəs almaq kimi verilən nemətdir”.
Rəcəb Kərimov:
“Ona görə ermənilər süni intellekt mərkəzi tikir, bizimkilər isə kazino”.
Günay Məmmədli:
“Bir anın içində çökə biləcək internetə güvənən ölkələr məhvə doğru gedəcək. Belə hal baş versə, nə edəcəksən, ay nazir? Kim çətinə düşür, dərhal cihazlara üz tutur, beyinlər isə işləmədikcə passivləşir. Dünya alimləri deyirlər ki, beyninizi işlədin, əks halda məhv olacaqsınız. Biz isə onların təcrübəsindən nəticə çıxarmaq əvəzinə, eyni səhvləri təkrarlayırıq.
Sənin məktəblərində şagirdlərə kitab çatmır. Bu vəziyyətdə hər şagirdə texniki avadanlıq veriləcəkmi? Yoxsa hər məktəbdə süni intellekt əsaslı tədris sistemi qurulacaq? Sizin üçün əsas məmur uşaqlarının oxuduğu məktəblərdir, sadə vətəndaşın övladı isə vecinizə deyil”.*
Natiq Dadaşov:
“Süni intellekt olan yerdə nazirə də ehtiyac yoxdur”.
Anar Xəlilov:
“Madam belədir, bəs niyə dərsliklərə 300 milyon manat xərclənir?”
İsgəndər Həsənli:
“Elə bil təhsil naziri yox, süni intellekt şirkətinin satış meneceridir. Təhsil naziri belə söz deməz”.
Rəhim Abbasov:
“İnsanları robotlaşdırmayın. Sizin başa düşdüyünüz elə bu qədərdir. Uşaqlara adam olmağı, insan olmağı öyrədin”.
Nicat Şahbazov:
“Bir nazir bu sözü deyirsə, uşaq niyə müəllimi dinləsin, niyə kitab oxusun?”
Elman Zeynalov:
“Bəs onda siz və nazirlik nəyə lazımdır?”.
Gülşən Rəsul


















