Şokolad yağı adı ilə satılan hər məhsul doğrudanmı şokoladdır, məlum deyil. Etiketlərdə xırda şriftlə yazılan maddələr istehlakçının gözündən yayınsa da, onların təsiri orqanizmdə illərlə qala bilər. Azərbaycanda istehsal olunan və geniş satışda olan bu məhsulun tərkibi ciddi suallar doğurur. Xüsusilə nəzərə alsaq ki, şokolad yağlarını daha çox uşaqlar sevir və onlar qəbul edir, bu zaman narahatlığımız iki qat artır.
Tribuna.az xəbər verir ki, Azərbaycanda uşaqların ən çox sevdiyi və aldığı şokalad yağı yerli istehsal olan “Şokki-Mokki” şokolad yağlarıdır. Ancaq bu yağların tərkibi uşaq orqanizmi üçün o qədər də məsləhət deyil. Hətta davamlı istifadəsi ümumiyyətlə qadağan edilməlidir.
Səbəblərini gəlin birlikdə öyrənək.
“Şokki-Mokki” şokolad yağlarının tərkibi üzərindəki etiketə əsasən belədir: Şəkər, bitki yağı, meşə fındığının əzməsi, yağsızlaşdırılmış kakao tozu, yağsız quru süd, quru süd zərdabı, emulqator (soya lesitini), aromatizatorlar.
İndi bu tərkibin zərərlərinə maddə-maddə diqqət edək:
Şəkər – əslində bütün şirin qidalarda olan və ən riskli komponentlərdən biridir. Etiketdə şəkərin miqdarı qeyd edilməyib. Normadan artıq istifadəsi qanda şəkərin sürətlə qalxmasına səbəb olur, uşaqlarda hiperaktivlik, diqqət pozuntusu yarada bilər. Uzunmüddətli istifadədə piylənmə, insulin müqaviməti, diabet riskini artırır.
Etiketdə istofadə edilən bitki yağının növü təəssüf ki, göstərilməyib. Ən problemli məqam da yağın hansı bitki yağı olmasıdır. Adətən palma yağı və ya hidrogenləşdirilmiş yağlar olur ki, bu da ürək-damar xəstəlikləri riskini artıra, “Pis xolesterin”i yüksəldə bilər. Qısacası, əgər palma yağıdırsa, bu uşaqlar üçün tövsiyə edilmir.
Etiketdə qeyd edilən yağsızlaşdırılmış kakao tozu da uşaqlar üçün zərərli hesab edilən toxdur. Tərkibində kofeinə bənzər maddələr olur adətən. Bu da uşaqlarda əsəbilik və yuxu pozuntusu yarada bilər. Mədə həssaslığı olanlarda diskomfort verə bilər.
Şokolad yağının tərkibindəki yağsız quru süd isə süd zülalına dözümsüzlük yarada bilər. Laktoza həssaslığı olanlarda köp, ishal, qarın ağrısına səbəb ola bilər.
Şokolad yağının tərkibində quru süd zərdabı da var ki, bu da süd allergiyası olanlar üçün risklidir. Böyrək problemi olanlarda çox istifadəsi arzuolunmazdır.
Bu yağlarda emulqator – soya lesitini, yəni əlavə qida maddəsi olan E322 də var. Nisbətən “təhlükəsiz” sayılır, amma soya allergiyası olanlarda risklidir. Hormonal balansla bağlı mübahisəli elmi fikirlər var. Ona görə də uşaqlarda tez-tez istifadəsi tövsiyə edilmir
Təəssüf ki, tərkibdəki aromatizatorların da hansı aromatizator olduğu göstərilmir. Süni aromalar allergik reaksiya verə bilər. Bu da uşaqlarda baş ağrısı, ürəkbulanma yarada bilər. Davamlı istifadə psixoloji “şirin asılılığı” yaradır.
Tərkibə əsasən o qənaətə gəlmək olar ki, bu məhsul uşaqlar üçün uyğun deyil, gündəlik və tez-tez istifadəyə yararsızdır. Şəkər + naməlum bitki yağı + aromatizatorlar → riskli kombinasiya deməkdir.
Əlbəttə “Şokki-Mokki” ara-sıra, az miqdarda istifadə oluna bilər, amma sağlam, uşaq üçün faydalı məhsul sayılmır.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul










