Şəkidə yerləşən “Kiş” Tarix-Memarlıq Qoruğunu cari ilin yanvar-sentyabr aylarında 40 278 turist ziyarət edib.
Tribuna.az xəbər verir ki, bu barədə qoruğun bələdçisi Gülnaz Rəsulova məlumat verib.
Onun sözlərinə görə, ziyarətçilərin 21 615 nəfəri, yəni ümumi sayın 54 faizi yerli turistlər olub. Xarici turistlərin sayı isə 18 663 nəfər təşkil edib. Bu da ümumi ziyarətçilərin 46 faizinə bərabərdir.
Gülnaz Rəsulova bildirib ki, qoruq dünyanın müxtəlif ölkələrindən gələn turistlərin marağına səbəb olur. Bu il ziyarətçilər arasında Hindistan, Cənubi Koreya, Çin və İsrail vətəndaşları üstünlük təşkil edib. Yay aylarında Almaniya və ABŞ-dan gələn turist qrupları da qoruğu ziyarət edib. Bundan başqa, Türkiyədən təşkil olunmuş turist qrupları da tarixi abidə ilə tanış olublar.
Qoruq təkcə Azərbaycanın tarixi-mədəni irsinin qorunmasına deyil, həm də Şəkinin iqtisadi inkişafına töhfə verir. Tarixi abidəni ziyarət edən turistlər yerli mağazaların, restoranların və qonaq evlərinin xidmətlərindən istifadə edir, həmçinin kənd təsərrüfatı məhsulları alırlar.
Beləliklə, “Kiş” Tarix-Memarlıq Qoruğu bölgədə turizmin inkişafına, yerli sahibkarlığın dəstəklənməsinə və kənd əhalisinin gəlirlərinin artmasına kömək edir.
İmran Kərimli




































