Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin SAT imtahanları ilə bağlı səsləndirdiyi fikirlərlə razıyam. Həqiqətən də SAT imtahanlarında ciddi saxtakarlıq halları yaşanır.
Bu sözləri Tribuna.az-a təhsil üzrə ekspert Ramin Nurəliyev Məleykə Abbaszadənin açıqlamalarına münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, bəzən olduqca zəif şagirdlərin SAT imtahanından 1300-1400 bal toplaması ciddi suallar yaradır:
“Buraxılış imtahanının riyaziyyat sualları ilə SAT imtahanlarının riyaziyyat bölməsini müqayisə etsəniz görərsiniz ki, çoxlarının çətin hesab etdiyi buraxılış sualları belə SAT suallarından daha asandır. Buna baxmayaraq, bəzi zəif şagirdlərin yüksək nəticə göstərməsi təbii olaraq şübhələr yaradır.
Məleykə Abbaszadənin saxtakarlıqla bağlı səsləndirdiyi fikirlər həqiqəti əks etdirir. SAT imtahanlarında saxtakarlıq hallarına kifayət qədər rast gəlinib.
Onlayn formada keçirilən bəzi imtahanlarda bir şagirdin yerinə tamamilə başqa şəxsin iştirak etdiyinin şahidi olmuşam. Hətta SAT nəticə sənədlərinin elektron formada dəyişdirilərək istifadə olunması halları da var.
SAT imtahanlarında saxtakarlığın olmasında maraqlı olan müəyyən qurumlar da mövcuddur. Xaricdə təhsilə yönləndirən bəzi qurumlar bu imtahanların saxtalaşdırılmasında maraqlıdır və bunun üçün müxtəlif cəhdlər göstərirlər”.
Nigar İxtiyarqızı









