Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (ГУР) Lipetsk yaxınlığında yerləşən Rusiya hərbi aerodromunda uğurlu əməliyyat həyata keçirildiyini açıqlayıb.
Tribuna.az Ukrayna mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində “Su-30” və “Su-27” tipli iki döyüş təyyarəsi məhv edilib.
Hadisə 20–21 dekabr gecəsi baş verib və təyyarələr aerodromdakı anqarda yanaraq sıradan çıxarılıb. İki təyyarənin təxmini dəyəri 100 milyon dollardır.
İki həftə planlaşdırılan əməliyyatda aerodromdakı patrul marşrutları və növbə qrafiki öyrənilib. Əməliyyatın həyata keçirilməsində Ukrayna müqavimət hərəkatının nümayəndəsi iştirak edib.
Açıqlamaya görə, təyyarələr Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarında istifadə edilib.
Rusiya tərəfi hadisə ilə bağlı hələ rəsmi açıqlama verməyib.









