Azərbaycanda son illər bank kreditləri ilə bağlı ən ciddi problemlərdən biri də kreditlərin tanışın, qohumun və ya üçüncü şəxsin xahişi ilə başqa bir vətəndaşın adına rəsmiləşdirilməsidir. Bir çox hallarda krediti faktiki olaraq istifadə edən şəxs ödənişləri etmədikdə, hüquqi məsuliyyət tam şəkildə kredit müqaviləsində adı olan vətəndaşın üzərində qalır. Nəticədə həmin şəxs borclu vəziyyətə düşür, kredit tarixçəsi korlanır və məcburən başqasının borcunu ödəməli olur.
Bu problem həm hüquqi boşluqlar, həm də maliyyə savadlılığının yetərsizliyi fonunda geniş yayılıb. Məsələ burasındadır ki, mövcud mexanizmlər vətəndaşı kifayət qədər qorumur və real istifadəçi ilə hüquqi borclu arasında ciddi uyğunsuzluq yaranır.
Bu vəziyyətdə bank sistemi, qanunvericilik və nəzarət mexanizmləri hansı addımları ata bilər ki, vətəndaş bu cür hallarda zərər görməsin?
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, politoloq Xəyal Bəşirov bildirib ki,
qeyd etdiyiniz mövzu gündəmdə olan bir mövzudur. Problemli kreditlər məsələsi ilə bağlı ən son məlumata görə, ötən illə, son bir illə müqayisədə problemli kreditlər 12 faizdən artıq artıb.
X. Bəşirovun sözlərinə görə, bu da kredit götürən şəxslərin ödəmə qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır.
Səbəblərə toxunan Xəyal Bəşirov qeyd edib:
“İnsanların gəlirləri, iş yerləri ilə bağlı amillər var. Amma diqqətinizə çatdırım ki, Azərbaycan Qanunvericiliyinə görə, kredit müqaviləsini kredit verən və kredit götürən tərəf imzalayır. Burada yaxın şəxslərin, qohumların adına kreditlərin rəsmiləşdirilməsi özü-özlüyündə qanun tələblərinə ziddir. Ola bilər ki, kimlərinsə hüquq savadsızlığından və yaxud digər formalarda onları aldadaraq hansısa bir müqaviləyə imza atılması ola bilər. Bu həm bank əməkdaşları tərəfindən, həm də bu prosesə həmin o şəxsləri dəvət edən digər şəxslər tərəfindən, hansılar ki, burada kreditin götürülməsində maraqlıdırlar. Həmin o şəxslər tərəfindən qanunvericiliyin tələblərini kobud şəkildə pozulması deməkdir ki, bu da cinayət məsuliyyəti yaradır. Amma yaxın qohumların daha çox bu prosesdə zamin kimi iştirak etməsi məsələsi var ki, zamin duran şəxslər gələcəkdə əgər borclu ödənişi edə bilmirsə, o halda onlar zamin olaraq həmin kreditin ödənilməsinin təminatçısı kimi çıxış etməlidirlər. Borcu onlar ödəməlidirlər. Təbii ki, bunun da davamı kimi onlar gələcəkdə həmin o borclu şəxsləri öz növbələrində məhkəməyə verib onlardan həmin pulu tələb edə bilərlər.”
“Şəxslərin xahişi ilə yaxın qohumun adına kreditin rəsmiləşdirilməsi məsələsində məsuliyyət xahiş edən şəxslərin üzərinə düşür. Şəxsləri aldadırlar, onları müqaviləyə imza atdırırlar. Bu, həm bank əməkdaşları tərəfindən, həm də bunu edən, pulu alan şəxslər tərəfindən qanunvericiliyin tələblərinin pozulmasıdır. Amma kimdənsə xahiş etmək, xahiş əsasında ona həmin kreditin onun adına rəsmiləşdirilməsini həyata keçirmək, pulu özü götürmək gələcəkdə özü ödəmək məsələsinə gəldikdə isə burada məsuliyyət həmin şəxslərin üzərinə düşür. Yəni, kimdən xahiş olunubsa, o şəxs buna razılıq veribsə, o, anlamalıdır ki, kredit müqaviləsi üzrə borclu kimi çıxış edir. Gələcəkdə kredit ödənilməsə, buna məsuliyyət daşıyır. Çünki bu, xahiş əsasında öhdəliyi öz ürinə götürübsə, məsuliyyətinə də qatlaşmalıdır. Burada bank əməkdaşları da diqqətli olmalıdırlar. Çünki burada kredit bir şəxsin adına rəsmiləşdirilir. Amma digər şəxs bu prosesdən yararlanır. Hər bir halda bunu edən şəxs, imzanı atan vətəndaş unutmamalıdır ki, məsuliyyət daşıyır.”
Dəniz Pənahova










