Tanınmış jurnalist Arifə Əliyeva “Arifa Ethno” brendi ilə sayca üçüncü kolleksiyasını təqdim edib.
Bu barədə Manset.Az-a danışan jurnalist yeni kolleksiyanın “Simurq” adlandığını və burada XIX əsrin əvvəllərində toxunmuş Şirvan xalçaçılıq nümunəsinə müasir nəfəs verildiyini deyib.
Arifə Əliyevanın sözlərinə görə, kolleksiyaya “Simurq” adının verilməsi təsadüfi deyil. Xalçanın üzərində təsvir olunan Simurq quşu Şərq və Azərbaycan folklorunda müdriklik, güc və yenidən doğuluşun rəmzi hesab olunur.
Jurnalist kolleksiyanın əsas elementlərindən biri olan qırmızı yaylığın da xüsusi məna daşıdığını vurğulayıb:
“Simurq kolleksiyasının qırmızı yaylığını daşıyan hər bir xanım özündə gücü, cəsarəti, zərifliyi və qədim Azərbaycan ruhunu yaşadır. Qırmızı alovun, sevginin, həyat enerjisinin və qadın gücünün rəngidir. Bu yaylıq sadəcə bir aksesuar deyil, keçmişdən gələn ruhun müasir qadında yaşamasıdır”.
Arifə Əliyeva qeyd edib ki, hazırda “Simurq” kolleksiyasının yalnız bir hissəsi nümayiş olunur. Kolleksiyaya daxil olan geyimlər isə yaxın günlərdə moda həvəskarlarına göstəriləcək:
“Məqsədimiz qədim milli irsimizi müasir dəbə daşımaq və onu gündəlik geyimlərdə yaşatmaqdır. Qarşıda bizi çox iş gözləyir. Artıq növbəti kolleksiyamız üzərində də çalışırıq. Son zamanlar müxtəlif tədbirlərə və dəfilələrə dəvətlər almağımız bizi daha da ruhlandırır və yeni layihələr üçün böyük motivasiya verir.
Hədəfimiz böyükdür. Əsas məqsədimiz Azərbaycanın qədim irsini, milli ornamentlərini və mədəni dəyərlərini müasir moda ilə birləşdirərək gələcək nəsillərə yaşatmaqdır”.
“Arifa” brendinin sahibi bu kolleksiyada ilk dəfə olaraq xalçalar üzərindəki qədim motivlərin müasir əl çantalarında istifadə edildiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, bununla milli ornamentləri gündəlik həyatın bir parçasına çevirmək və onların müasir dəbdə yeni ifadəsini yaratmaq qarşıya məqsəd qoyulub.
Arifə Əliyeva fəaliyyətinin üçüncü kolleksiya ilə yekunlaşmayacağını, qarşıdakı dövrdə daha fərqli layihələrin də həyata keçiriləcəyini söyləyib.
Hazırda komanda ilə növbəti kolleksiyalar üzərində çalışdıqlarını deyən jurnalist fəaliyyət istiqamətlərini genişləndirməyə və daha orijinal işlər ortaya qoymağa çalışdıqlarını qeyd edib:
“Növbəti kolleksiyalarımızda daha fərqli işlər ortaya qoymaq niyyətindəyik. Fəaliyyət sahəmizi genişləndirməyə, fərqləndirməyə və daha orijinal işlər təqdim etməyə çalışırıq.
Məqsədimiz beynəlxalq arenaya çıxmaq, müxtəlif sərgilərdə ölkəmizi təmsil etmək, tariximizi və mədəniyyətimizi dünyaya tanıtmaqdır”, – deyə jurnalist əlavə edib.
“Arifa” brendi ilk olaraq “Xurcun” kolleksiyası ilə diqqət çəkib. Həmin kolleksiyada XII əsr Qərb xalçaçılıq məktəbinin ornamentlərindən istifadə olunub.
Daha sonra Arifə Əliyeva sayca ikinci kolleksiyası olan “ŞAHGÖL” yaylıq və geyim kolleksiyasını hazırlayıb.














