Ağcabədi rayonunun Hüsülü kəndində yaşayan, Xankəndi şəhərindən olan məcburi köçkün ailələri qəzalı vəziyyətdə olan evlərdə yaşadıqlarını bildirirlər.
Tribina.az xəbər verir ki,yeniavaz.com-a müraciət edən Nicat Məmmədov bildirib ki, 8 nəfərlik 2 ailə qəzalı vəziyyətdəki evdə yaşayır.
“Fövqəladə Hallar Nazirliyi gəlib baxıb, “qəzalı” rəyi verib, amma “Qaçqınkom” (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – red.) bizi köçürmür, sıfır hərəkətdir. Hər an bu divar uşaqların üstünə uça bilər”, – məcburi köçkün bildirib.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Yeniavaz.com-a bildirilib ki, adıçəkilən ünvanda məskunlaşan ailənin vəziyyəti ilə bağlı Dövlət Komitəsi məlumatlıdır:
“Xankəndi şəhərindən keçmiş məcburi köçkün Məmmədov Aləmdar Umud oğlu 8 nəfər ailə üzvü ilə birgə Ağcabədi rayonunun Hüsülü kəndində müvəqqəti məskunlaşıb. Adıçəkilən ünvanda məskunlaşan ailənin vəziyyəti ilə bağlı Dövlət Komitəsi məlumatlıdır.
Qeyd edək ki, Xankəndi şəhərinə məskunlaşma prosesi çərçivəsində orada mülkiyyətində mənzili və ya evi olan məcburi köçkün ailələri köçürülür.
Xankəndi şəhər qeydiyyatında olub, mənzili (evi) olmayan ailələr isə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə köçürülür. Adıçəkilən ailənin də Kərkicahan qəsəbəsinə qanunvericiliyə müvafiq olaraq köçürülməsi nəzərdə tutulur”.









