Nəsimi rayonundakı yaşıllıqlar təhlükədə… “İcazəni kim verib bunlara?” – Memar

Nəsimi rayonundakı yaşıllıqlar təhlükədə… “İcazəni kim verib bunlara?” – Memar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsindəki böyük yaşıllıq park ərazisində qeyri-yaşayış obyektinin inşasına başlanılıb.

Tribuna.az xəbər verir ki, bunu memar Elçin Əliyev ictimailəşdirib. O bildirib ki, hasarlanan və tikinti başlayan ərazi “Zorge parkı” və “Koala Park” arasındakı hissədir.

Memar bildirib ki, tikintini həm də böyük narazılıqla qarşılanıb.
Vaxtilə həmin yerdə yay kinoteatrı olub. Bəzi sakinlər ümid edir ki, hasarlanmaya səbəb ərazidə yenidən yay kinoteatrının salınmasıdır.

Hasarın üzərindəki məlumat lövhəsində obyektin təsviri var: 1 mərtəbəli (-1 zirzəmi) şüşə fasadlı və pavilyon tipli obyektdir. Tikintini 01.07.2026-cı ilə qədər bitirmək nəzərdə tutulub.

Park sahələrində hər bir tikinti ictimai maraq doğurur: obyekt park üçün tikilir, yoxsa park obyekt üçün qurban verilir? Bir də presedentin – növbəti obyektlərin yaranma ehtimalı narahatlıq doğurur. Bu baş verərsə, o zaman parklar (ağaclıqlar) parçalanaraq yox ola bilər.

Sakinlər ərazidə nə tikiləcəyini, bu tikintinin yaşıllıqları da məhv edib-etməyəcəyini öyrənmək istəyir.
Memar Elçin Əliyev isə sual edir ki, yaçıllarların arasında bu işlərin aparılmasına səbəb nədir?:

“Bu cür hal necə mümkün ola bilər? İcazəni kim verib? Niyə heç bir məlumat lövhəsi yoxur?”.

Ərazi Nəsimi rayon İcra Hakimiyyətinin ərazisi olduğu üçün aparılan işlərlə bağlı icra hakimiyyətinin də sakinləri məlumatlandırmasını tələb edirlər.
İcra hakimiyyətindən işlərin kimlər tərəfindən aparıldığını, həmçinin tikintinin təyinatını öyrənmək istəsək də, zənglərimizə cavab verən olmadı.

Gülşən Rəsul