“”Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi “Nyukasl”a qalib gələcək”.
Tribuna.az xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
O bildirib ki, Qurbanovun özünəməxsus oyun sistemi mövcuddur:
“Qurban Qurbanovun “İmişli” üzərində 1:0 hesablı qələbədən sonra komandanın “Nyukasl” ilə matça tam hazır olmaya biləcəyi ilə bağlı fikirləri futbolçulara əlavə motivasiya vermək məqsədi daşıyır. Nəriman Axundzadənin ABŞ klubuna transferi komandanın oyununa ciddi təsir göstərməyəcək. “Qarabağ”ın kifayət qədər güclü heyəti və formalaşmış oyun sistemi var. Qurban Qurbanovun özünəməxsus sistemi mövcuddur və futbolçular meydanda son damla qanlarına qədər mübarizə aparacaqlar”.
Deputat komandanın hücumçu transfer etməməsi məsələsinə də münasibət bildirib:
“Hazırda “Qarabağ”ın hücumçuya ehtiyacı yoxdur. Gələcəkdə bu mövqe ilə bağlı müəyyən transferlər baş tuta bilər. Qurban Qurbanov özü də yeni hücumçular yetişdirmək potensialına malikdir. Qurban Qurbanov gənc və perspektivli futbolçular yetişdirir. “Qarabağ”dan ayrılan bəzi futbolçular başqa klublarda eyni performansı göstərə bilmirlər, çünki onlar Qurbanovun oyun sistemi ilə formalaşıblar”.
Deputat həmçinin bildirib ki, Nəriman yenidən “Qarabağ”a qayıdacaq:
“Nəriman Axundzadə də xarici klubda çıxış etdikdən sonra yenidən “Qarabağ”a qayıdacaq. Nəriman “Qarabağ”dan getməyəcəkdi. Onun kimi istedadlı futbolçunu sosial şəbəkələrdə düşməncəsinə qınadılar. Buna görə məcbur qalıb getdi. Onu linç etdilər”.
Sənan Məmmədli









