Müəllimin əlindən qiymət silahını, səlahiyyətini almısınız, sonra da zəif nəticəyə görə müəllimi günahkar çıxarırsınız! Bu, ədalətsizlikdir!
Tribuna.az xəbər verir ki, bu sözləri təhsil eksperti Əmrah Həsənli bildirib. O qeyd edib ki, bu gün məktəblərimizdə hamının bildiyi, amma rəsmi hesabatlarda gizlədilən acı bir reallıq var:
“Müəllimin sinifdə nə hökmü qalıb, nə də rəsmi səlahiyyəti. Oxumayan uşağa layiq olduğu qiyməti yazıb, onu sinifdə saxlamaq istəyən müəllimin qarşısını birinci direktor kəsir.
Çünki “yuxarıların” gözündə məktəbin reytinqi korlanmamalıdır!
Valideyn müəllimi kənara qoyub birbaşa direktorun otağında işini həll edir, sonra da gəlib sinifdə müəllimə hədə-qorxu gəlir ki, “Mənim uşağıma aşağı qiymət yaza bilməzsən!”.
Biz müəllimi bu qədər çarəsiz və əli-qolu bağlı vəziyyətə salmışıqsa, ildə bir dəfə keçirdiyimiz monitorinqlərdə hansı real keyfiyyəti axtarırıq?”.
Ekspert bildirib ki, əgər təhsildə dönüş etmək istəyiriksə, birinci müəllimin sinifdəki mənəvi və hüquqi hakimiyyətini özünə qaytarmalıyıq.
Gülşən Rəsul










