MİDA-nın 627 mənzili 1 dəqiqədə necə satıldı? – Növbəti NARAZILIQ

MİDA-nın 627 mənzili 1 dəqiqədə necə satıldı? – Növbəti NARAZILIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün MİDA-nın (Mənzil İnşaatı Dövlət Agentliyi) növbəti güzəştli mənzil satışı baş tutub və satış ənənəvi olaraq bu dəfə də narazılığa səbəb olub. Satışa çıxarılan ümumilikdə 627 mənzilin hamısı 1 dəqiqə içərisində satılıb.

Tribuna.az xəbər verir ki, bu barədə texniki məsələlər üzrə mütəxəssis, bloger Fərid Pərdəşünas da yazıb. O da bildirib ki, satışlar 1 dəqiqəyə başa çatıb və bir çox istifadəçilər satış zamanı texniki problemlərin yarandığını bildirib:
“MİDA satışları 1 dəqiqədə başa çatdı. İstifadəçilərdən soruşulan sual bu günün tarixi və doğum tarixi oldu.


Bir çox istifadəçilər texniki problemlər yarandığını qeyd edir”.

Ev almaq üçün bu günü gözləyənlər isə əksinə, heç bir texniki problemin olmadığını, ancaq bilərəkdən yaradılmış əngəllər səbəbindən mənzil almağın mümkün olmadığını bildiriblər.

Prosesdə iştirak edən Könül Əliyevanın sözlərinə görə, ilk saniyələrdən mövcud mənzilin olmadığı göstərilib:
“Sistem donmadı, internet güclü idi. Bəs hansı saniyədə satıldı ki? İlk saniyədə daxil olmuşuq, ancaq mənzil artıq mövcud deyildi”.

Elvin Abbaszadə isə bildirib ki, MİDA-dan bu yolla ev almaq mümkün deyil:
“3 il sınadım, ən müasir komputerlə, ən güclü internetlə, amma gördüm ki, ortada xarab olan mənim əsəblərimdir”.

Fərid Balayev də prosesin saxta olduğunu bildirib:

“Heç bir texniki problem olmadı. 7-9 saniyədə hamısını etdim, amma ev çıxamdı. 1 saniyə sonra sistem çökdü. Göz görə-görə müdaxilə və fırıldaqdır bu”.

Süsən Məmmədova isə illərdir cəhd edib ev ala bilməyənlərdəndir:

“8 ildir eyni vəziyyət təkrarlanır”.

Xatırladaq ki, MİDA-nın mənzilləri hər dəfə satışa çıxarılanda eyni problem və narazılıq yaşanır.

Gülşən Rəsul