Tanınmış memar Elçin Əliyev metro stansiyalarında tez-tez kabellərdə olan qısaqapanma və qatarların hərəkətinin iflic olma səbəbini tapıb.
Tribuna.az xəbər verir ki, bu barədə memar sosial şəbəkə hesabında məlumat paylaşıb. O bildirib ki, belə nöqsanlara yol verənlər məsuliyyətə cəlb edilməlidir:
“Memar kimi “Həzi Aslanov” metro stansiyasının platforma interyerlərinin hazırki vəziyyəti məni dəhşətə gətirdi: perron boyunca divarlarda suyun açıq-aşkar izləri və çoxsaylı sızma əlamətləri görünür. Çürümüş mərmər üzlüyün vəziyyətinə əsasən demək olar ki, su buraya çoxdan və sistemli şəkildə daxil olur – bu, heç də bir ilin problemi deyil.
İndi aydın olur ki, niyə zaman-zaman metropolitendə kabellərdə qısaqapanmalar baş verir və qatarların hərəkəti iflic olur: problem köhnədir və bir neçə gün əvvəl yağış zamanı baş verən hadisə tamamilə gözlənilən idi.
Maraqlıdır, hidroizolyasiya işlərini keyfiyyətsiz yerinə yetirən tikintiçilər cinayət məsuliyyətinə cəlb olunacaqlarmı? Yoxsa, adətən olduğu kimi, yenə hər şeyi «fövqəladə təbii hadisələrin» üzərinə yazacaqlar?”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul















