Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna görə memarlıq abidəsi olan binalardakı kondisionerlər yığışdırılır.
Tribuna.az xəbər verir ki, bu barədə memar Elçin Əliyev məlumat paylaşıb. O bildirib ki, təəssüf ki, görülən işlər müvəqqətidir və və tədbirdən sonra bərpa ediləcək:
“Son həftələr ərzində “Azneft” meydanında yerləşən eyniadlı binanın fasadından demək olar ki, bütün xarici kondisioner blokları sökülüb. Yalnız iki blok qalıb – görünür, həmin otaqlarda rəhbərlik əyləşir və onlara növbə ən sonda çatacaq.
Gözlərə inanmaq çətindir: memarlıq abidəsinin fasadı nəhayət tamamilə təmiz görkəm alıb!
Təəssüf ki, böyük ehtimalla, bu, yaxın vaxtlarda Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ərəfəsində edilən müvəqqəti görüntü naminə atılmış addımdır.
İndi müşahidə etmək qalır: görəsən, memarlığa bu “sevgi” qonaqlar şəhəri tərk edənədək davam edəcək, yoxsa bir qədər də uzun sürəcək?”.
Nigar İxtiyarqızı










