Türkiyənin dünyaca məşhur mətbəx və ev əşyaları satan “Karaca”dan alınan qazandan müştəri narazıdır.
Tribuna.az xəbər verir ki, bu barədə Aygül Əkbərova Feysbukun şikayət səhifələrində yazıb. O bildirib ki, aldığı çuqun qazanın qapağı paslıdır:
“Karaca mağazasından çuqun qazan almışam. İlk yeməyi bişirdiyim zaman qazanın qapağından yeməyin içinə paslı su axmışdı.
Qapağın kənarlarının paslandığını gördüm. Həmin pasın izi qazanın ağız iç tərəfində də var.
Problem gözlə görülür. Apardım mağazaya. Şəkillərini çəkib email vasitəsilə “səlahiyyətli şəxsə” göndərdilər. 4 gün sonra cavab gəldi ki, məhsulda problem yoxdur. Problem istehlakçı qüsurudur. Mən qazanı quru saxlamalı imişəm.
Bəlkə mən bilmirəm? Qazanda yeməyi necə qupquru bişirmək olar ki, orda qətiyyən buxar, nəm, sululuq yaranmasın?”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul














