Tanınmış jurnalist Arifə Əliyeva fəaliyyət sahəsini genişləndirərək moda və dizayn istiqamətində yeni layihəsini təqdim edib.
Tribuna.az kolleksiyası ilə diqqət çəkməyə başlayıb.
Arifə Əliyeva bizimlə söhbətində bildirib ki, kolleksiyanın əsas ideyası Azərbaycan milli ornamentlərini müasir gündəlik dəbə daşımaqdır:
“Dizaynlarda XII əsr Qərb xalçaçılıq məktəbinin ornamentlərindən istifadə etmişik. İstədik ki, insanlar sadəcə geyim almasın, həm də onun üzərindəki simvolların tarixini və mənasını hiss etsinlər. Bu səbəbdən hər məhsulun çantasına ornamentlərin izahı ilə bağlı xüsusi açıqcalar yerləşdirmişik. Mənim üçün bu layihə sadəcə moda deyil, milli irsin müasir təqdimatıdır”.
O bildirib ki, kolleksiya artıq ölkənin tanınmış simalarının da marağına səbəb olub:
“İlk gündən çox maraqlı reaksiyalar alırıq. Xüsusilə iş xanımı Ruhi Əliyeva kolleksiyaya böyük maraq göstərdi. O, məhsullardan seçim edərək hər modeldən iki ədəd aldı və bunu sosial şəbəkə hesabında paylaşdı. Bu da bizi daha da motivasiya etdi. Sevindirisi haldır ki, Dünya Şəhərsalma Forumu ilə əlaqədar Azərbaycana gələn əcnəbilər də layihəmizə böyük maraq göstərdi və “Xurcun” kolleksiyasına aid məhsullardan aldı”
Arifə Əliyeva diqqət çəkən başqa bir məqama da aydınlıq gətirib. Belə ki, “Xurcun” kolleksiyasını ictimaiyyətə təqdim edən model də məhz özü olub. O deyib ki, bu seçim təsadüfi deyil:
“Bu layihə mənim öz ideyamdır və mən ona bütün varlığımla bağlıyam. Hiss etdim ki, bu kolleksiyanı ən doğru şəkildə yenə də özüm təqdim edə bilərəm. Çünki burada sadəcə geyimdən söhbət getmir, hər ornamentin, hər detalın bir ruhu və hekayəsi var. Onu təqdim edən insan da bunu daxilən hiss etməlidir. Mən istəyirdim ki, insanlar geyimlə yanaşı, həmin duyğunu da görsünlər”.
Arifə Əliyeva yaxın günlərdə layihənin geniş təqdimatının keçiriləcəyini də açıqlayıb:
“Hazırda bəzi texniki məsələlərin tamamlanmasını gözləyirik. Ardınca “ARİFA” brendinin və “Xurcun” kolleksiyasının geniş təqdimatı baş tutacaq. Bununla bağlı xüsusi videoroliyimiz də artıq hazırdır. Çox yaxın zamanda ictimaiyyətə təqdim ediləcək”.
Brend rəhbəri qeyd edib ki, “ARİFA” yalnız bir kolleksiya ilə məhdudlaşmayacaq:
“Bu, başlanğıcdır. Qarşıdakı dövrdə yeni kolleksiyalar təqdim olunacaq. Məqsədimiz Azərbaycan ornamentlərini və milli estetik elementləri fərqli konseptlərlə yaşatmaq və onları beynəlxalq moda dilinə daşımaqdır”.
Sonda qeyd edək ki, Arifə Əliyeva yalnız media və biznes sahəsindəki fəaliyyəti ilə deyil, şəxsi inkişafına verdiyi önəmlə də diqqət çəkir. O, yaradıcılıq və sahibkarlıq fəaliyyətini davam etdirməklə yanaşı, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində ikinci ali təhsil alaraq bilik və peşəkar bacarıqlarını daha da inkişaf etdirir.
Brend sosial şəbəkələrdə:















