“JEK”lər gedir, hökumətdən yeni  QƏRAR

“JEK”lər gedir, hökumətdən yeni QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hökuməti yerli icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı müəssisələrinin (MİS/JEK) fəaliyyətini təkmilləşdirmək üçün yeni islahat təşəbbüsü ilə çıxış edib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, mövcud MİS-lərin bazasında vahid mənzil-kommunal təsərrüfatı müəssisəsi – MMC yaradılacaq. Maraqlıdır ki, bu qərar “JEK problemi”ni həll edə biləcəkmi?

Mövzu ilə bağlı Tribuna.az-a danışan hüquq müdafiəçisi Xəzər Teyyublu bildirib ki, JEK-lər artıq dövrünü çoxdan başa vurub. Onun sözlərinə görə, bu qurum işləməyən, məsuliyyətsiz və mənasız strukturdur və çoxdan ləğv edilməli idi:

“Bu gün Azərbaycan reallığında JEK-lərin (Mənzil-İstismar Sahələrinin) fəaliyyəti faktiki olaraq əhəmiyyətsizdir. Onlar nə sakinlərin problemlərini həll edir, nə də üzərlərinə düşən funksiyaları icra edirlər. Açıq desək, JEK-lər artıq keçmişin qalığıdır və bu sistem çoxdan iflas edib.
JEK modeli sovet dövrünə məxsusdur. Həmin dövrdə dövlət həm bina tikir, həm idarə edir, həm də saxlayırdı. İndi isə reallıq tamam başqadır: binalar özəldir, sakinlər ödəniş edir, amma idarəetmə hələ də köhnə, səmərəsiz və məsuliyyətsiz mexanizm üzərində qurulub.
Bu gün JEK-lər faktiki heç bir iş görmür. Dam axır, aylarla təmir edilmir, bloklar antisanitar vəziyyətdədir, liftlər təhlükəlidir, zirzəmilər su içindədir, kommunikasiya xətləri baxımsızdır.
Buna baxmayaraq, sakinlərdən mütəmadi olaraq “xidmət haqqı” yığılır. Ancaq ortada xidmət yoxdur. Hesabat yoxdur. Şəffaflıq yoxdur. Məsuliyyət isə ümumiyyətlə hiss olunmur.
Ən acınacaqlısı odur ki, problem yarananda JEK-lər məsuliyyəti bir-birinin üzərinə atır: “bizlik deyil”, “bələdiyyə baxmalıdır”, “icra hakimiyyətinə müraciət edin”. Nəticədə vətəndaş sahibsiz qalır.
Halbuki dünyada bu məsələ çoxdan həll olunub. Müasir şəhərlərdə: – peşəkar idarəetmə şirkətləri, – səlahiyyətli mənzil birlikləri, – şəffaf müqavilə sistemi fəaliyyət göstərir.
Bizdə isə hələ də adı var, özü yox bir qurum saxlanılır”.

Hüquq müdafiəçisi əlavə edib ki, JEK-lər nə özünü yeniləyir, nə də ləğv olunur. Ortada qalan isə vətəndaşdır — ödəniş edən, amma qarşılığında xidmət almayan vətəndaş:

“Artıq açıq etiraf etmək lazımdır ki, JEK-lərin fəaliyyəti dövrünü başa vurub. Bu sistem işə yaramır.
Ya köklü islahat aparılmalı, ya da JEK modeli tamamilə ləğv olunaraq müasir, hesabatlı və vətəndaşın maraqlarına xidmət edən alternativ mexanizm yaradılmalıdır. Əks halda, bu struktur yalnız kağız üzərində mövcud olan, real həyatda isə heç kimə lazım olmayan bir qurum olaraq qalacaq”.

Gülşən Rəsul