İranda yeni aksiyaların başlamasına dair xəbərlər gəlməyə başlayıb.
Tribuna.az xəbər verir ki, 8-9 yanvar qətliamında öldürülənlərin 40 mərasimləri açıq etiraz aksiyalarına çevrilib.
Məlumatlarda qeyd edilir ki, İranın hüquq mühafizə orqanları və cəza dəstələri qəbristanlıqların önünü bağlasa da, bunun heç bir nəticəsi olmayıb. Əksinə, İlam vilayətinin Abdanan şəhərində məzarları ziyarət edənlər sonradan küçələrə axışaraq, yürüş keçiriblər. Onlar İran rejimi əleyhinə şüarlar səsləndiriblər.
Analoji hadisələr İsfahan və daha bir neçə şəhərdə də baş verib. Belə ki, İsfahan Universitetinin tələbələri küçəyə çıxaraq, etiraz ediblər. Orta məktəblərdə isə İranın dini lideri Əli Xamineyinin fotoşəkillərinin yırtılaraq, ayaqlar altına atılması kampaniyaya çevrilib.
Vəziyyətin nəzarətdən çıxacağından ehtiyat edən İran rejimi isə etirazların qarşısını almaq üçün yenidən silahdan istifadə edib. Tribuna.az xəbər verir ki, ötən gün Abdanan şəhərində baş verən yürüş iştirakçılarına SEPAH qüvvələri atəş açıb. Hadisə nəticəsində ölən və yaralananların olması barədə hələlik məlumat yoxdur.
Fərda Uğur









