İran televiziyasına danışan azərbaycanlılara XƏBƏRDARLIQ

İran televiziyasına danışan azərbaycanlılara XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın AZTV ilə bağlı qərarından sonra nümayəndə heyətinin səfəri müzakirə yaradıb. Politoloq Elxan Şahinoğlu hesab edir ki, İranın Kəşfiyyat Nazirliyi Azərbaycan Dövlət Televiziyasını “düşmən media qurumları” siyahısına daxil etdikdən sonra Ərdəbilə planlaşdırılan səfər təxirə salına bilərdi.


Tribuna.az xəbər verir ki, politoloq sosial şəbəkə hesabında yazıb ki, İranın Kəşfiyyat Nazirliyi iyulun 23-də Azərbaycan Dövlət Televiziyasını da “düşmən media qurumları” siyahısına daxil edib.

Onun sözlərinə görə, AZTV ilə istənilən formada əməkdaşlıq edən, məlumat, foto, video və ya digər materiallar göndərən İran vətəndaşları ‘Casusluğa və sionist rejimlə əməkdaşlığa görə cəzanın sərtləşdirilməsi haqqında qanunun’ 4-cü maddəsi çərçivəsində cinayət məsuliyyətinə cəlb oluna bilərlər:

“Siyahıda “Günaz TV” də yer alır. Buna baxmayaraq, İranın Kəşfiyyat Nazirliyi AZTV-ni siyahıya məhz bu addımın Azərbaycan dövlətinə qarşı yönəldiyini göstərmək üçün əlavə edib”.

Şahinoğlu qeyd edib ki, bu qərardan bir neçə gün sonra Ərdəbildə keçirilən “Şeyx Səfiəddin Ərdəbilinin Xatirə Günü” və “Ərdəbil Həftəsi” tədbirlərində Milli Məclisin deputatı Ceyhun Məmmədov, AMEA-nın prezidenti İsa Həbibbəyli və mədəniyyət nazirinin müavini Fərid Cəfərov iştirak ediblər.

Politoloqun fikrincə, İranın Kəşfiyyat Nazirliyi Azərbaycan əleyhinə qərarı açıqladıqdan sonra bu səfər təxirə salına bilərdi:

“Tədbirlər zamanı nümayəndələrimizə ‘Səhər’ kanalının mikrofonları uzadılıb və onlar tədbirlə yanaşı, iki ölkə arasındakı münasibətlər barədə də fikirlərini bildiriblər.

Tutaq ki, oxşar mədəni tədbir Bakıda keçirilir və İran rəsmiləri, elm adamları, deputatlar AZTV-yə müsahibə verirlər. Həmin şəxslər ölkələrinə qayıtdıqdan sonra İranın Kəşfiyyat Nazirliyi onlara qarşı da cinayət işi açarmı?”.

Gülşən Rəsul