İran-ABŞ danışıqları nə ilə nəticələnəcək? – ŞƏRH

  İran-ABŞ danışıqları nə ilə nəticələnəcək? – ŞƏRH  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, İran və ABŞ arasında danışıqların ikinci raundu başa çatıb. Tribuna.az xəbər verir ki, Cenevrədə keçirilən görüşdə ciddi nəticə əldə edilməyib. 

İranın XİN başçısı Abbas Əraqçı bildirib ki, iki tərəf mümkün razılaşmanın mətninin hazırlanması üçün əsas təşkil edəcək bir sıra “rəhbər prinsiplər” barədə ümumi razılığa gəliblər.

İran parlamentinin deputatı Əlaiddin Burucerdi isə qeyd edib ki, İranın Ali Milli Təhlükəsizlik Şurası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ölkənin nüvə obyektlərinə beynəlxalq müşahidəçilərin baxış keçirməsinə razılıq verib. “Onlar nüvə obyektlərində günlük və aylıq yoxlanışlar keçirə bilərlər”.

Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən siyasi ekspert Fikrət Fəraməzoğlu bildirib ki, İran-ABŞ danışıqlarının müsbət sonluqla nəticələnməsi real görünmür. Onun sözlərinə görə, bunu şərtləndirən bir sıra səbəblər var. “Əvvəla ABŞ-ın İrana təqdim etdiyi şərtlər Tehran üçün məqabul ola bilməz. Çünki orada elə tələblər var ki, imtina İran rejimi üçün ciddi problemlər yarada bilər. Məsələn, ballistik raket istehsalının dayandırılması və ya müxalif siyasi partiyaların toxunulmamazlığı kimi. Bunları qəbul etmək Tehran üçün prinsiplərindən çəkilmək deməkdir”.

Fəraməzoğlu vurğulayıb ki, İran tərəfi artıq bir neçə şərti qəbul etməyəcəyini açıqlayıb. O qeyd edib ki, ballistik raket istehsalının dayandırılmayacağını rəsmi Tehran açıqlayıb. “Yalnız nüvə məsələsində ümumi ortaq fikir var. İran bildirir ki, nüvə obyektlərinə baxış keçirilməsinə etiraz etmir. Lakin dinc nüvə proqramından da imtina etmək fikrindən uzaqdır”.

Siyasi ekspert bildirib ki, hazırda İranın əsas hədəfi danışıqları yubatmaq və bununla da vaxt qazanmaqdır. “İran vaxt qazanmaq istəyir. Birincisi, ölkə daxilində vəziyyət sabit deyil və etirazların yenidən başlama riski var. Tehran hər nə qədər zorakılıq etsə də, prosesin bitmədiyinin fərqindədir. Ona görə, vaxt udaraq, həmin “problemi” həll etməyə çalışır. İkincisi, ABŞ-ın mümkün hücumalarına cavab vermək və ya qarşısını almaq üçün silahlanmasına ehtiyac var. Son günlər Rusiya və Çindən xeyli sayda silahlar alması da bunun nümunələrindəndir”.

Fərda Uğur