İnsan dəyərlərinə verilən önəm – Xəzər Teyyublu

İnsan dəyərlərinə verilən önəm – Xəzər Teyyublu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Forum kifayət qədər geniş iştirakçılığı ilə seçilir”
BMT-nin Dünya Şəhərsalma Forumu – WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya və dayanıqlı inkişaf gündəliyində artan rolunun göstəricisi kimi qiymətləndirilir. Müasir dövrdə şəhərsalma artıq yalnız memarlıq və infrastruktur məsələsi deyil, eyni zamanda təhlükəsizlik, sosial rifah, ekoloji balans, rəqəmsallaşma və insan resurslarının idarə olunması ilə sıx bağlı strateji istiqamət hesab olunur. Bu baxımdan forumun Bakıda təşkili Azərbaycanın qlobal platformalarda mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Bəs WUF13 Forumunun iştirakçıları bu prosesi necə qiymətləndirirlər?

Hafta.az-ın müsahibi WUF13 iştirakçısı, Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri və Milli QHT Forumunun üzvü Xəzər Teyyubludur:

– WUF13 Forumunda müzakirə olunan mövzuları və əsas mesajları necə dəyərləndirirsiniz?

– Müasir dövrdə urbanizasiya proseslərinin sürətlənməsi və şəhərlərin qlobal iqtisadiyyatın, təhlükəsizliyin, sosial münasibətlərin əsas mərkəzinə çevrilməsi fonunda məskunlaşma anlayışı artıq yalnız memarlıq və infrastruktur məsələsi kimi qəbul edilmir. Bu gün şəhər anlayışı təhlükəsizlik, dayanıqlılıq, ekoloji balans, insan resursları və sosial rifahla birbaşa bağlı strateji istiqamət kimi qiymətləndirilir. Dünyada formalaşan yeni yanaşmalar da məhz bu prinsiplər üzərində qurulur.

Bu baxımdan BMT-nin ən nüfuzlu beynəlxalq platformalarından biri hesab olunan Dünya Şəhərsalma Forumunun – WUF13-ün Bakıda keçirilməsi Azərbaycan üçün olduqca mühüm hadisədir. Forumun ölkəmizdə təşkili Azərbaycanın artıq beynəlxalq səviyyədə mühüm dialoq və əməkdaşlıq platformasına çevrildiyini göstərir. Son illər Azərbaycan innovativ idarəetmə, elektron hökumət sistemləri və rəqəmsal inkişaf layihələri istiqamətində regionda önə çıxan ölkələrdən birinə çevrilib. Forumun məhz Bakıda təşkil olunması da ölkəmizin bu istiqamətdə artan nüfuzunun və beynəlxalq etimadın göstəricisidir.

– Belə bir beynəlxalq forum Azərbaycanın və bütövlükdə regionun inkişafı baxımından hansı imkanları yaradır?

– Belə nüfuzlu beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkənin dünya ilə əlaqələrinin daha da genişlənməsinə, yeni tərəfdaşlıqların formalaşmasına və müxtəlif istiqamətlər üzrə əməkdaşlıq imkanlarının artmasına ciddi töhfə verir. Eyni zamanda, BMT kimi nüfuzlu beynəlxalq qurumun forumunun məhz Azərbaycanda keçirilməsi ölkənin həm siyasi, həm iqtisadi, həm də diplomatik baxımdan regionda artan rolunu nümayiş etdirir.

Digər tərəfdən, forum beynəlxalq təcrübələrin öyrənilməsi, innovativ şəhərsalma modellərinin müzakirəsi və gələcək inkişaf strategiyalarının müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu platforma həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti institutları, həm də ekspertlər arasında yeni əməkdaşlıq imkanları yaradır.

– Forum çərçivəsində müşahidələriniz və diqqətinizi çəkən əsas məqamlar hansılardır?

– Forum kifayət qədər geniş iştirakçılığı ilə seçilir. Dünyanın müxtəlif ölkələrindən nümayəndələr, dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət institutları və ekspertlər tədbirdə iştirak edirlər. Müxtəlif ölkələrin pavilyonlarının yaradılması, panel müzakirələrinin təşkili və fərqli sahələr üzrə təqdimatların keçirilməsi forum mühitinə xüsusi dinamika və rəngarənglik qatır.

Mən də Sosial Hüquqların Müdafiə Mərkəzinin və Milli QHT Forumunun üzvü kimi tədbirdə iştirak edirəm və müşahidələrim olduqca müsbətdir. Xarici nümayəndələrlə aparılan müzakirələr zamanı müasir şəhərsalma konsepsiyaları, innovativ yanaşmalar, dayanıqlı inkişaf modelləri və şəhər anlayışının yalnız fiziki infrastrukturu deyil, həm də sosial rifahı, kommunikasiya imkanlarını, rəqəmsallaşmanı və insan təhlükəsizliyini əhatə etdiyi geniş şəkildə müzakirə olunur.

Xüsusilə diqqət çəkən məqamlardan biri də şəhərlərin gələcəyinin insan mərkəzli yanaşma üzərində qurulmasıdır. Bu gün artıq əsas məqsəd sadəcə yeni binaların tikilməsi deyil, insanların daha təhlükəsiz, rahat və keyfiyyətli mühitdə yaşamasını təmin etməkdir.

– Forumda hansı istiqamətlər və mesajlar xüsusi ön plana çıxır?

– Forumda xüsusi vurğulanan əsas məqamlardan biri şəhərsalma siyasətində insan amilinin ön plana çəkilməsidir. Bu gün artıq şəhərsalma yalnız binaların tikilməsi və ya ərazilərin abadlaşdırılması demək deyil. Burada əsas məqsəd insanların sosial rifahının yüksəldilməsi, rahat kommunikasiya imkanlarının yaradılması, elektron xidmətlərin genişləndirilməsi, sağlam nəqliyyat sisteminin formalaşdırılması və ümumilikdə insan ləyaqətinin qorunmasıdır.

Eyni zamanda ekoloji dayanıqlılıq, yaşıl şəhər konsepsiyası, rəqəmsal transformasiya və sosial inklüzivlik kimi məsələlər də forumun əsas müzakirə mövzularındandır. Bu baxımdan belə beynəlxalq tədbirlərin keçirilməsi həm də insan dəyərlərinə verilən önəmin göstəricisi hesab oluna bilər.

– Bakı WUF13 Forumuna ev sahibliyini necə həyata keçirir və təşkilati məsələlərlə bağlı təəssüratlarınız necədir?

– Tədbir yüksək səviyyədə təşkil olunub və işgüzar atmosferdə davam edir. Açılış günündə hava şəraiti müəyyən çətinliklər yaratsa da, qısa müddətdə bütün məsələlər operativ şəkildə həll edildi və forum normal fəaliyyətini davam etdirdi.

Təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub. Media nümayəndələri üçün ayrıca böyük pavilyon yaradılıb və bütün informasiya axını məhz həmin mərkəzdən koordinasiya olunur. Forum çərçivəsində müxtəlif istiqamətlər üzrə pavilyonlar, panel müzakirələri və təqdimatlar keçirilir. Xarici iştirakçılar üçün sinxron tərcümə imkanlarının yaradılması da tədbirin peşəkar şəkildə təşkil olunduğunu göstərir.

Ümumilikdə, WUF13 həm təşkilati səviyyəsi, həm beynəlxalq iştirakçılığı, həm də müzakirə olunan mövzular baxımından olduqca mühüm və əhəmiyyətli platforma kimi yadda qalır. Bu forum Azərbaycanın beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək imkanlarını bir daha nümayiş etdirir.