Son günlər bazarlarda və sosial şəbəkələrdə “texniki kartof” mövzusu yenidən müzakirə predmetinə çevrilib. İstehlakçılar arasında bu məhsulun nə olduğu, qida üçün yararlı olub-olmaması və sağlamlığa mümkün təsirləri ilə bağlı suallar artıb.
Bəs texniki kartof nədir, adi istehlak kartofundan necə fərqlənir və vətəndaşlar onu bazarda hansı əlamətlərə görə ayırd edə bilərlər? Yanlışlıqla alınıb istifadə edildiyi halda orqanizm üçün hansı fəsadlar yarana bilər?
Mövzu ilə bağlı Tribuna.az-a danışan qida üzrə mütəxəssis-ekspert Ağa Salamov bildirib ki, “texniki kartof”un nişasta tərkibi çox olur və bunu laboratoriya müayinəsi zamanı bilmək olur.
Ağa Salamovun sözlərinə görə, bu kartofu bişirəndə dağılır. Biri var kartof çox bişəndə dağılır,” texniki kartof” isə artıq bişməyə başlayanda dağılır. Bunu normal kartofdan ayırd etmək üçün bu məqamlara diqqət etmək lazımdır:
“Üzərində yaşıl rəngdə izlər olur. Solanin və xlorofilin çoxluğundan xəbər verir. Həmçinin, qabarcıqlı, kələ-kötür, iriölçülü və qeyri-standart kartof tipi olur.”
Mütəxəssis əlavə edib ki, “texniki kartof” yem sənayesində, kraxmal emalının istehsalında istifadə edilən kartof növüdür. Bunu ən çox sovet dönəmində heyvanları yeməmək üçün istifadə edirdilər. Rəsmi sənədlərdə belə kartoflar bazarlarda yoxdur. Qida Təhlükəsizliyinin ölkəyə idxal olunan məhsullarla bağlı rəyləri var. Ancaq bazarlara sıza bilər. Belə ki, işbazların əli ilə şəristəsiz fermerlər tərəfindən bazarlarda satışa çıxarıla bilər. Bu gün baxırıq ki, Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı reyd aparır. Risklər minimuma enir. Mən məsləhət görərdim ki, kumpir satanlar xammal kimi aldıqları kartofa diqqət etsinlər. Yuxarıda qeyd etdiyim “texniki kartof”un əlamətlərinə diqqət etməlidirlər. Çünki uşaqlar üçün zərərli ola bilər.
Dəniz Pənahova










