Məlum olduğu kimi, Azərbaycan Ermənistana ötən həftə 1220 ton həcmində benzin satıb. Tribuna.az xəbər verir ki, məsələ ətrafında Ermənistanda bir sıra müzakirələr gedir.
Ənənəvi olaraq erməni müxalifəti bu ticarət əlaqələrinə qarşı çıxırlar. Hətta bunu “faciə” kimi qəbul edənlər də var. Ən gülməli məsələ isə Azərbaycanın satdığı benzinin üçüncü ölkədən alınması ilə bağlı iddialardır.
Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bildirib ki, Ermənistan Azərbaycandan yanacaq almaqla guya, bizim büdcəmizi doldurur. “Axı ödənilən pul həmin ölkənin büdcəsinə gedəcək və sonra ordumuza qarşı silah olacaq. Azərbaycana və ya Türkiyəyə on iki şüşə konyak ixrac edə bilərsinizmi? Biz həmin ölkələrdən ixrac etdiyimiz qədər idxal etməliyik. Əks halda, biz onların silahlı qüvvələrini maliyyələşdiririk”.
Ekspert Vahe Davtyan isə yuxarıda qeyd etdiyimiz gülməli iddia ilə çıxış edib. O bildirib ki, guya, Azərbaycanın üçüncü ölkədən aldığı benzini Gürcüstan ərazisi vasitəsilə Ermənistana göndərməsini ehtimal edib. “Eyni benzin Qara dəniz və ya Yuxarı Lars, daha sonra isə Gürcüstan infrastrukturu vasitəsilə Ermənistana idxal olunur”.
Tribuna.az bildirir ki, “Haykave” Hərəkatının koordinatoru Vahe Hovannisyan isə bir başqa məsələdən danışıb. O deyib ki, Ermənistanın Azərbaycandan benzin almasının əsas məqsədi Orta Dəhlizdə mövqeyini qoruyub saxlamaqdır. “İrəvan heç bir şəkildə bu dəhlizdən kənarda qalmaq istəmir”.
Politoloq Akop Badalyan məsələnin psixoloji tərəfinə toxunub. O iddia edib ki, Azərbaycan mallarının istehlakı Ermənistan ictimaiyyəti üzərində psixoloji dominantlığa doğru addımdır.
Fərda Uğur









