Son günlər ölkə ərazisində müşahidə edilən isti hava şəraiti əhalinin gündəlik həyatına təsirsiz ötüşmür. Sinoptiklərin məlumatına görə, temperatur normadan yüksəkdir.
Tribuna.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ekoloq Ənvər Əliyevin sözlərinə görə, Azərbaycan, Türkiyə, Aralıq dənizi ətrafındakı ölkələrin ərazilərinə ən çox təsir edən hava kütlələrindən biri Afrikanın şimalından gələn isti hava axınlarıdır:
“Onlar fəsillərin dəyişkənliyi dövründə təsir göstərirlər. Bu hava kütlələri Türkiyənin ərazisindən bizə gəlir. Havanın belə keçməsi müvəqqəti xarakter daşıyır. Hazırda Türkiyədə havanın temperaturu artıq 20 dərəcəni keçib. Digər tərəfdən bu hava axınları bir neçə gün davam etdikdə atmosferdə boşluq yaranır, isti hava axınları nəticəsində təzyiq düşməyə başlayır, burada olan boşluğu Atlantik okeandan və Şimal dairəsindən gələn soyuq mülayim hava kütlələri tuturlar. Havalar soyumağa başlayacaq. Keçid dövrüdür. Həmin isti hava kütlələrini, soyuq, yağıntılı hava kütlələri əvəz edəcək. Bu adi haldır. Fəslin əsl üzü bir həftədən sonra bilinəcək. Mart ayında yağıntılı, qarlı havalar olub… Bu səbəbdən dəqiq demək olmur. Bütün sinoptik məlumatların hamısı 30 faiz olaraq hesablanır. İsti, küləkli hava axınlarından sonra yağıntıların olması müsbət haldır, havada təmizlik aparır”.
Sənan Məmmədli









