Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 42 illin müəlliminin pensiyasını kəsib.
Tribuna.az xəbər verir ki, bu barədə təqaüdçünün oğlu, jurnalist Razi Abbasbəyli sosial şəbəkə hesabında yazıb. O bildirib ki, atası Abasov Umudəli Yusif oğlu 42 il Sabirabad rayonunda orta məktəbdə müəllim işlədikdən sonra yaşa görə pensiyaya çıxıb və pensiyası avtomatik təyin edilib:
“Atam Abasov Umudəli 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini (o zamankı APİ) əyani şöbə üzrə bitirib və təyinatla Sabirabadda müəllim kimi fəaliyyətə başlayıb. O, təxminən 12 ildir pensiya alır və bu müddətdə pensiyası hər il qanunvericiliyə uyğun indeksləşdirilib. Ötən ay atamın pensiyasından 50 manat azaldılıb.
Bunun səbəbini öyrənmək üçün Sabirabad rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etdik. Onlara əvvəlcə atamın 30 il işlədiyi, lakin pensiya hesablanarkən 35 illik iş stajının nəzərə alındığı bildirilib”?.
Ailə isə bunun həqiqəti əks etdirmədiyini, Abasov Umudəlinin ümumilikdə 42 il müəllim işlədiyini vurğulayıb.
O, həmçinin qurum tərəfindən pensiya kapitalının hesablanması və atasının ali təhsil diplomunun əyani şöbə üzrə olmaması ilə bağlı iddiaların da irəli sürüldüyünü, lakin bunun əksini təsdiq edən sənədləri təqdim etdiklərini qeyd edib.
Razi Abbasbəyli atasının bir gözdən əlil olduğunu, müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkdiyini və aylıq dərman xərclərinin 200 manatdan çox olduğunu bildirərək aidiyyəti dövlət qurumlarına müraciət edib və məsələnin araşdırılmasını istəyib.
Mövzu ilə bağlı aidiyyəti dövlət qurumlarına sorğu ünvanlamışıq. Sorğumuza veriləcək cavabı oxucularımıza da təqdim edəcəyik.
Gülşən Rəsul










