“Əslində, devalvasiya hər gün olur” – Ekspert

“Əslində, devalvasiya hər gün olur” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həftədə bir neçə dəfə mənə devalvasiya ilə bağlı sual verilir. Əslində, devalvasiya da, revalvasiya da bizdə az qala hər gün olur.

Tribuna.az yazır ki, bu barədə ekspert Əkrəm Həsənov fikir bildirib. O qeyd edib ki, manat faktiki dollara bağlanıldığı üçün “sabit məzənnə” dedikdə sırf dollara olan məzənnə ehtiva olunur:


“Halbuki dollar özü dünyada ucuzlaşanda manat da digər valyutalara münasibətdə devalvasiyaya məruz qalır və əksinə.

Məsələn, daxil olun Mərkəzi Bankın saytına və son iki günün məzənnələr dinamikasına baxın (şəkildə göstərmişəm). Dünən manat əksər valyutalara münasibətdə bahalaşmışdı (çünki dollar həmin valyutalara nisbətdə bahalaşmışdı): sol şəkildəki qırmızı işarələrə baxın.

 

Bu gün isə manat əksər valyutalara münasibətdə devalvasiyaya məruz qalıb (çünki dollar həmin valyutalara nisbətdə ucuzlaşdı): sağ şəkildəki yaşıl işarələrə baxın. Məsələn, dünən 1 Avro 2,0185 manat idisə, bu gün artıq 2,0401 manat olub. Bu elə əsl devalvasiyadıdır da.

Avropa malları bizim üçün bahalaşdı”.

Ə.Həsənov bildirib ki, bu tendensiya get-gedə güclənəcək:

“Dolların hegemonluğu sona yetir. ABŞ-də Trampı elə belə hakimiyyətə gətirməyiblər ki. Aləmi qarışdıraraq dünyada ən çox borcu olan ABŞ-nin iqtisadi çöküşünün qarşısını almaq istəyir. Amma dünyada yeni modelə keçid qaçılmazdır. Odur ki, pullarınızdan muğayət olun”.

Nigar İxtiyarqızı