Milli Məclisin deputatı Razi Nurullayev İmişli rayonunun Xəlfəli kəndindən video paylaşaraq kənddə illərdir davam edən qaz problemini gündəmə gətirib.
Tribuna.az-ın xəbərinə görə, deputat bildirib ki, kənd sovetinə daxil olan yaşayış məntəqələrində qaz xətti mövcuddur və boruların içində qaz da var. Lakin Xəlfəli kəndində vəziyyət tamamilə fərqlidir. Onun sözlərinə görə, kəndə artıq 3 ildir qaz xətti çəkilsə də, bu müddət ərzində bir nəfərin belə evinə qaz verilməyib.
Razi Nurullayev qeyd edib ki, sakinlər qış aylarında ciddi çətinliklərlə üzləşir, soyuq hava şəraitində evlərini qızdırmaq üçün alternativ imkanlardan istifadə etməyə məcbur qalırlar. Deputatın sözlərinə görə, kənd sakinləri odun tədarük etsələr, gərək evlərini satıb cərimə ödəyələr.
Deputat əlavə edib ki, məsələ ilə bağlı Milli Məclisin tribunasından artıq üç dəfə çıxış edib, həmçinin aidiyyəti dövlət qurumlarına dəfələrlə rəsmi məktublar ünvanlayıb. Lakin indiyə qədər problem öz həllini tapmayıb.
Razi Nurullayev vurğulayıb ki, qaz infrastrukturunun mövcud olduğu halda əhalinin bu xidmətdən istifadə edə bilməməsi ciddi sosial ədalətsizlikdir və məsələ təcili şəkildə araşdırılmalı, Xəlfəli kəndinin sakinlərinə qaz verilişi təmin olunmalıdır.
Ətraflı videomaterialı təqdim edirik:
Dəniz Pənahova









