“Dənizi hasarlayıb, xalqa satırlar” – Professor cinayət işi açılmasını TƏLƏB EDİR

“Dənizi hasarlayıb, xalqa satırlar” – Professor cinayət işi açılmasını TƏLƏB EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu qızmar havalarda harada sərinlənmək olar? Dənizdə! Bəli, artıq bir müddətdir ki, dəniz mövsümü başlayıb. Dəniz, çimərlik elə bir amildir ki, istənilən halda insanlar işin, həyatın gərginliklərini unudub, beyinlərini, ruhlarını dincə qoymalıdırlar.

Amma bu işdə də əmmalar var. Çimərliklərdə qiymətlər “əl yandırır”. Bu amil dincəlmək arzusunda olanların niyyətlərini elə qursaqlarında qoyur. Məsələn, ötən il girişi ödənişsiz olan çimərliklərdə “zontik” açan 10 manat ödəyirdisə, bu il 15 manat ödəməli olurlar. Üstəgəl girişi ödənişli olan çimərliklər ötən il adambaşı 15 manat isidisə, indi 20 AZN təşkil edir. Özünlə qida – su, qarpız, bir çöp də apara bilmirsən və mağazada 1,40 AZN-ə satılan bir şüşə suyu 3,80 manata təklif edirlər.

Tribuna.az xəbər verir ki, məsələylə bağlı Bakıvaxtı.az-a danışan iqtisad-elmləri doktoru (Azərbaycan, Türkiyə, Rusiya), beynəlxalq nüfuzlu professor Zahid Məmmədov bildirib ki, bu məsələlərlə bağlı hüquq-mühafizə orqanları, TƏBİB, Səhiyyə Nazirliyi və xüsusi təşkilatlara müraciət etmək lazımdır:

“Təsəvvür edin həkim, Azərbaycan vətəndaşlarına dənizə getməyi tövsiyə edir. Bunlar isə dənizi çəpərləyib, özəldir deyib, pul yığırlar. Dəniz özəl ola bilməz, dəniz ictimaiyyətindir. Allahın Azərbaycan xalqına bəxş etdiyi lütfdür. Azərbaycan Konstitusiyasında da var ki, hər bir kəsin dincəlmək, istirahət etmək haqqı, hüququ var. Bəziləri isə sahibkaram deyib, dənizi çəpərə alıb, qumu, suyu kasıba pulla satır. Bu, əlsində insan sağlamlığına təhdiddir. Cinayət məsuliyyəti yaradır”.

Müsahibimiz qeyd edib ki, bu cür obyektlərlə bağlı mütəmadi reydlər keçirilməlidir. Belə halların qarşısı alınmalıdır:

“Türkiyədə toyuğun qiymətini qalıdıran şirkətin rəhbəri indi həbsdədir”.

Zahid Məmmədov: Vətəndaşın istirahət hüququnu əlindən almaq sabotajdır

Azərbaycanın hüquqi ölkə olduğunu deyən iqtisadçı-alim diqqətə çatdırıb ki, bu cür özbaşınalıqlara qarşı ciddi addımlar atılmalıdır:

“Dərhal cinayət işi açılmalı, o adamlarla bağlı lazımlı qərarlar verilməlidir. Görək ondan sonra kim bu cür addım atmağa cəsarət edə bilər? Belə şey ola bilməz! Sahibkar sabotajla məşğul olmalı deyil. Dövlətin qanunları var. Dövlət vətəndaş qarşısında sosial təminatın artırılması yönündə məsuliyyət daşıyır. Sahibkar dövlətin qoyduğu qayda və qanunların əleyhinə gedəcək? Belə şey ola bilməz. Bura Azərbaycandır, qanunlar işləyən ölkədir. Sadəcə xalq aidiyyəti strukturlara siqnalları ötürsə, o cür adamalara cinayət açılmalıdır. Vətəndaşın istirahət hüququnu əlindən almaq sabotajdır. Belə şey olmaz. Dəniz xalqa açıq olmalıdır”.